"Blinken Ərdoğanın dəvət etdiyi səmtə “getmədi” - Politoloqdan şərh
Siyasət
13 Dek 2024 17:05
"ABŞ Dövlət katibi Entoni Blinken dekabrın 13-də Türkiyənin paytaxtı Ankaraya gəlib. Səfər çərçivəsində o, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb, Suriya ilə bağlı müzakirələr aparıb."
Politoloq Turan Rzayev bunu News365.az-a deyib.
"Görüşün diqqətçəkən məqamı isə Ərdoğanın Suriyanın ərazi bütövlüyü və unitar quruluşunun qorunmasının tərəfdarı olduğunu bildirməsi olub. Bundan əlavə, Ərdoğan görüşdə PKK/YPG və İŞİD kimi terror təşkilatlarına qarşı milli təhlükəsizliklə bağlı tədbirlər görəcəyini də vurğulayıb.
Blinken görüşdən sonra bildirib ki, Vaşinqton və Ankara Suriyanın gələcəyinə baxışla bağlı razılığa gəliblər.
“Bizim diqqətimiz Suriya xalqı üçün açılan imkandan istifadə etməyə yönəlib. Məqsədimiz Suriya xalqını Bəşər Əsədin zəncirlərindən azad etməkdir. Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidanla müzakirələrimiz zamanı Suriyanın gələcəyi ilə bağlı atılacaq addımlar haqqında geniş mənada razılığa gəldik”, – dövlət katibi bildirib.
Vaşinqton və Ankaranın Suriyanın gələcəyi ilə bağlı razılığa gəldiyi iddia edilsə də, Ərdoğanın dedikləri ilə Blinkenin açıqlaması fərqli rəy yaradır. Belə ki, Ərdoğanın gündəliyində PKK/YPG və İŞİD kimi terror təşkilatlarına qarşı milli təhlükəsizliklə bağlı tədbirlər olduğu halda Blinken bu məsələləri qeyd etmir.
ABŞ-la Türkiyə arasında indiki məqamda əldə edilən razılıq şifahidir. Bu həm də onu deməyə əsas verir ki, Vaşinqton indiki məqamda Ankara ilə gərginlikdə maraqlı deyil. Bayden dönəmi və demokratların dövrü bitdi. Respublikaçılar və Tramp dövrünə qədər Ankara-Vaşinqton münasibətləri sabit olmalıdır. Tramp səlahiyyətlərinin icrasına başladıqdan sonra şifahi razılığın nə qədər etibarlı olduğu bilinəcək.
Ərdoğan üçün PKK/YPG kimi terror təşkilatlarına qarşı milli təhlükəsizlik nə qədər mühümdürsə, ABŞ üçün bu qruplaşmaların varlığı o qədər vacibdir.
Ümumilikdə belə deyə bilərik ki, Ərdoğan ABŞ-ı Suriya və regionda sabitliyin bərpasına dəvət edir, lakin Vaşinqton o səmtə “getmir”.