Zəngəzur dəhlizi 2026-cı ilə kimi AÇILACAQ

Zəngəzur dəhlizi 2026-cı ilə kimi AÇILACAQ
02 May 2024 09:38

İkinci Qarabağ müharibəsinin başa çatmasından 4 ilə yaxın müddət keçməsinə baxmayaraq, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirməyib. Ancaq layihə aktuallığını qoruyub saxlayır. Bir müddət əvvəl Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsini türk dünyası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə həyata keçirilə biləcəyini bildirib.

ABŞ Kəşfiyyatının bu yaxınlarda açıqlanan hesabatında isə dəhliz uğrunda toqquşma ola biləcəyi barədə xəbərdarlıq qeyd edilib. Qeyd edək ki, bəzi ekspertlər Azərbaycanın Qazaxın 4 kəndinin qaytarılmasından sonra növbəti hədəfinin Zəngəzur dəhlizi ola biləcəyini düşünür.

"Rusiya üçün də Zəngəzur dəhlizinin açıq olması vacibdir"

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev söyləyib ki, Prezident İlham Əliyev ən mühüm məsələ kimi Zəngəzur dəhlizi və ya Azərbaycanın Şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsinin labüdlüyünü daim bildirib və məsələ ilə bağlı Ermənistanın absurd mövqeyini ortaya qoyub.

"Ermənistan Zəngəzur dəhlizi açılmasın deyə delimitasiya və demarkasiya məsələsin məhz Qazax istiqamətdən başlamağa çalışır. Bu, təbii ki, həm vaxt udmaq, eyni zamanda status-kvonu saxlamaq cəhdididr. Bundan başqa yeni bir mühafizə qurumu yaratmaqla Rusiya sərhəd qoşunlarının gələcəkdə Zəngəzur dəhlizini qorumaqdan uzaqlaşdırmaq istəyirlər. Məlumdur ki, İran yolu işləyəcəkdir. Lakin belə alternativ olsa da, Qərb dövlətləri bu yoldan istifadədə tərəddüd edəcəklər. Rusiya İranla razılığa gələ bilər, lakin bu gün Rusiya üçün də Zəngəzur dəhlizinin açıq olması vacibdir və İranla İsrail, istərsə də digər dövlətlərin gərgin münasibətlərindən doğa biləcək hər hansı təzahür yaranarsa, Zəngəzur dəhlizi bir xilas yoludur".  

Deputat vurğulayıb ki, həm Qərb,həm də Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar və Ermənistanın buna razılıq verib-verməməsi o qədər də əhəmiyyət kəsb etmir: 

"Ermənistan da Qərbin ondan Rusiya ilə gərginliyi artırmaq üçün vasitə kimi istifadə etdiyini anlayır. Lakin başqa çıxış yolu olmadığını da başa düşür. Perspektivdə maraqlı dövlətlərin Ermənistana ciddi təsiri nəticəsində bu yol açılacaqdır. Bu, tək regional dövlətlər deyil, beynəlxalq səviyyədə lazımdır. Bir sözlə, yol açılamalıdır və açılacaqdır..."

"2026-ci ilin əvvəlində Zəngəzur dəhlizinin aktiv istifadəsinə şahidlik edəcəyik"

Milli Məclisin digər bir deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan sülh üçün əlindən gələni edir:

"Azərbaycan, artıq iki il yarımdan çoxdur ki, sülhün əldə olunması üçün mümkün bütün alətlərini işə salıbdır. Təəssüflər olsun ki, Ermənistan ötən dövr ərzində yeni reallıqları qəbul etmək istəmirdi. Onlar daha çox revanşist mövqedən çıxış edirdilər, yaxud verdikləri sözlərin üzərində durmurdular. Biz bu gün Azərbaycanın uğurlu diplomatiyasının nəticələrini görməkdəyik. Ermənilər artıq Qazaxın 4 kəndinin qaytarılmasına razılıq verib. Sərhədlərin delimitasiyası ilə bağlı komissiyalar bu məsələdə ciddi işlər görür. Yaxın günlərdə Qazaxıtsanın Alma-Ata şəhərində Azərbaycan və Ermənistan Baş nazirlərinin görüşünün keçirilməsinə şahidlik edəcəyik. Düşünürəm ki, bu, indiyə kimi tam razılaşdırılmamış və ya mübahisəli məsələlərin həllində açar rol oynaya bilər. Adətən, xarici işlər naziləri mətnlər, mübahisəli məsələlər, eyni zamanda ali rəhbərlərin görüşlərini təşkil etməklə bağlı olaraq bu şəkildə bir araya gəlirlər. Düşünürəm ki, ermənilər öz mövqelərində səmimi olacaqları, proseslərə real töhfə vermək istəklərini ortaya qoyacaqları təqdirdə biz sülhə bir addım da daha yaxın ola bilərik. Xüsusilə də, 4 kəndin qaytarılması bir çox məsələlərlə bağlı aydın mənzərəni bizə göstərir".

Naqif Həmzəyevin fikrincə, Ermənistana təzyiq olmasa 2025-ci ilin sonu, 2026-ci ilin əvvəlində Zəngəzur dəhlizinin aktiv istifadəsinə şahidlik edəcəyik:

"Hazırda Ermənistan və Azərbaycanın şimal-qərb ərazilərindən sərhədlərin delimitasiya proseslərinə start verilib. Lakin cənuba doğru getdikcə çoxlu mübahisəli ərazilər olacaq. Xüsusilə də, cənuba yaxınlaşdıqca Zəngəzur dəhlizinin açılması məsələsi gündəmə gələcək. Azərbaycan Ermənistanın heç bir nəzarət mexanizmi olmadan Zəngəzur dəhlizinin işə düşməsinin tərəfdarıdır. Bu sadəcə dəmiryolu və quru yolu deyil, eyni zamanda enerji resurslarının daşınmasını həyata keçirəcək dəhlizdir. Ermənistan Azərbaycanla axçıvan arasındakı əlaqənin bərpasını təmin etmək öhdəliyini üçtərəfli bəhyanatda üzərinə götürüb. Azərbaycan hazırda danışıqlar prosesində bu məsələləri mütəmadi olaraq müzakirə edir. Çünki Zəngəzur dəhlizi açılmadan heç bir sülhdən söhbət gedə bilməz. Ona görə ki, Zəngəzur dəhlizi bizim üçün prinsipial məsələdir. Əgər delimitasiya prosesi mərhələli şəkildə uğurla davam edərsə, bizim növbəti  4 kəndimiz geri qaytarılarsa, eyni zamanda Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı real işlər görmək niyətini ortaya qoyarsa, hətta həmin Ermənistan ərazisindəki həm avtomobil, həm dəmiryolu, həm də digər tunellərin enerji resurlsarının keçməsi üçün lazımi xətlərin çəkilməsini  Azərbaycan özü də maliyyələşdirə bilər. Yetər ki, Ermənistan səmimi olsun. Bu xətt açıldıqdan sonra biz Ermənistanla digər ərazilərdən də kommunikasiyaların açılmasınnın və bərpasının şahidi ola bilərik. Biz yalnız Naxçıvandan yox, Ermənistan içərisindən də Türkiyəyə gedə bilərik. Düşünürəm ki, Ermənistan da bu məsələlərə isti baxır. Sadəcə ortada zaman məsələsi var. Ermənistanın havadarları ona təsir və təzyiq göstərməzsə, Ermənistan da öz mövqeyində qalrsa, ilin sonuna qədər sülh sazişinin imzalanmasına şahidlik edə və Zəngəzur dəhlizinin açılması üçün Ermənistan ərazisində tikintilərə başlaya bilərik.  Buna 2024-cü ildə başlasaq, düşünürəm ki, 2025-ci ilin sonu, 2026-ci ilin əvvəlində Zəngəzur dəhlizinin aktiv istifadəsinə şahidlik edəcəyik".


Youtube kanalımız

Oxşar xəbərlər