Amerikalı jurnalist və “Müharibə” kitabının müəllifi Bob Vudvord 2022-ci ildə Rusiyanın Ukraynada nüvə silahından istifadə edə biləcəyini deyib. O, Pentaqonun rəhbəri Lloyd Ostinlə o vaxtkı müdafiə naziri Sergey Şoyqu arasında bu məsələ ilə bağlı dialoqdan da söz açıb. Vudvord "Der Spiegel" jurnalına müsahibəsində bu barədə ətraflı məlumat verib.
Vudvordun sözlərinə görə, 2022-ci ildə ABŞ Moskvanın “Ukraynaya qarşı taktiki nüvə silahından istifadə imkanını nəzərdən keçirdiyi” barədə məlumat alıb. Vaşinqton ehtimalların 50-50 olduğunu təxmin edib və vəziyyət 1962-ci ildəki Kuba böhranı ilə müqayisə edilirmiş.
"Eyni zamanda, Lloyd Ostin və Sergey Şoyqu arasında “unudulmaz söhbət” baş tutub. ABŞ-nin müdafiə naziri Lloyd Ostin rusiyalı həmkarı Sergey Şoyquya zəng edərək deyib ki, gəlin nüvə silahından istifadə yolu ilə getməyək. Əgər bunu etsəniz, ABŞ-nin indiyədək Ukrayna müharibəsində işlətdiyi bütün məhdudiyyətlərə yenidən baxılmalı olacağıq. Şoyqu isə cavab verib ki, o, hədələnməyi sevmir. Ostin daha sonra Şoyquya deyib: Nazir, mən dünya tarixinin ən güclü ordusunun lideriyəm, təhdid etmirəm", -jurnalist bildirib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural