Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfəri Azərbaycan tarixində mühüm mərhələ kimi yadda qaldı. Bu görüş təkcə iki ölkə münasibətlərinin inkişafına deyil, həm də Cənubi Qafqazda sülhün reallaşmasına ciddi töhfə verdi.
Azərbaycan ilə ABŞ arasında imzalanan strateji tərəfdaşlıq memorandumu ikitərəfli əlaqələri yeni səviyyəyə qaldırdı. Enerji, nəqliyyat, ticarət, süni intellekt, rəqəmsal infrastruktur və müdafiə sahələrində geniş əməkdaşlıq planları artıq reallığa çevrilir. SOCAR ilə “ExxonMobil” arasında əldə edilən razılaşma da bu prosesin mühüm nümunəsidir. Vaşinqtonda imzalanan sənədlər ABŞ texnologiyası və sərmayəsinin Azərbaycana cəlb olunmasına şərait yaradacaq.
Azərbaycan-Ermənistan istiqamətində isə tarixi irəliləyiş əldə olundu. Sülh müqaviləsinin mətni paraflandı, Minsk Qrupunun ləğvi üçün birgə müraciət edilməsi razılaşdırıldı və Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması təsdiqləndi. Bununla yanaşı, ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin edəcək Zəngəzur dəhlizinin açılması razılaşdırıldı. ABŞ bu dəhlizin qarantı kimi çıxış edəcək.
Vaşinqton razılaşmaları Azərbaycanın diplomatik qələbəsinin davamı oldu. 2020-ci ildə hərbi müstəvidə əldə edilən zəfər indi siyasi masada da təsdiqləndi. Azərbaycan yalnız torpaqlarını azad etməklə kifayətlənmədi, həm də regionun gələcək nizamını formalaşdıran əsas oyunçuya çevrildi.
Bu proses göstərdi ki, uzun illər təxribat, təzyiq və təcrid siyasəti ilə ölkəmizi zəiflətməyə çalışan qüvvələr indi özləri təcrid vəziyyətindədir. Vaşinqton görüşü həm sülhün təminatı, həm də Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi baxımından yeni mərhələnin başlanğıcı oldu.
Züriyə Qarayeva