Qurultayın keçiriləcəyi məkan kimi, siyahı da çal-çağırlıdır

Qurultayın keçiriləcəyi məkan kimi, siyahı da çal-çağırlıdır
09:51
16 oktyabr 2026-cı il tarixində Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək. Rəşid Behbudov adına Mahnı teatrında baş tutacaq qurultayda iştirak edəcək və Mətbuat Şurasına üzv seçiləcək heyətin siyahısına baxdım. Elə qurultayın keçiriləcəyi məkan kimi, siyahı da çal-çağırlıdır. "Komediyadır yoldaşlar, komediya".
Hər kəsə xeyirli olsun, uğurlar arzulayıram. Başqa hacətə ehtiyac yoxdur.
İnanıram ki, bu qurultayda ən azından obyektivlik qorunub, insafla müzakirə aparılacaq. Əsl, peşəkar qələm adamlarının, jurnalistlırin problem və çətinliklərindən də danışılacaq. Təkcə, uğurlar qeyd edilməyəcək.
Könül istərdi ki, bizlər də orada bulunaydıq. Amma çifayda.
Bəlkə də, eyhamım kimlərəsə biraz ağır gələcək. Məni qınayacaqlar. Lakin bunları xatırlamaqda mənim və mənim kimi peşəkar, ixtisaslı jurnalistlərin haqqı var. O haqq ki, pozulmuş hüquqlarının bərpasını istəyirlər. O haqq ki, öz qələminə, zehni-düşüncəsinə arxalanıb, amma abrına sığınıb çox gerilərdə qalıb.
Sual oluna bilər ki, peşəkarsınızsa bəlkə, geri qalmaqda elə günahkar özünüzsünüz?
Mən Ramidə Yaqubqızı 1998-ci ildən peşəkar jurnalistikada olan biri kimi, öz adıma deyirəm ki, bəli, günah mənim özümdədir.
Niyə???
Ona görə ki, heç vaxt kiminsə kölgəsinə sığınmadım. Kimlərəsə yamaq olmağa çalışmadım. Kimlərinsə diqtəsilə yazmadım. Amma mənə dəstək olub, qolundan tutub, təkan verənləri də yaddan çıxartmadım.
Nə yazdım, nədən yazdım, necə yazdım. Öz beyin, qəlb və təxəyyül məhsulum oldu. Maraqlı mövzular, unudulmuş, yaddan çıxmış dəyərləri işıqlandırmağa çalışdım.
Nə kiminsə yazısından abzas-abzas oğurlayıb, yamaq etmədim. Nə hansısa hazır mətnin aşağı-yuxarısında, bir qədər də ortasında bəzək-düzək edib, öz adıma çıxmadım. Heç vaxt da, birmərrə, qətiyyən süni intellekt "bazarına" girmədim.
Nə yazdım, necə yazdım özümə aid oldu. Yazdığım səhv də, düz də, zəifdə, güclü də, nə oldusa, hamısı özümün oldu. Altında yazdığım imzanı, Ramidə Yaqubqızı imzasını ürəklə və fəxrlə qeyd etdim.
Doğrudur, bu istiqamətdə yoluna daş atanlar da oldu. Mənə güc-qevvət verib, həvəsləndirənlər də . Çətin oldu, lakin təmiz oldu, şərəfli oldu. Bu gün geriyə baxıb, gəldiyim peşə yoluma nəzər salanda özümlə fəxr duyuram.
Bu, nə özündən razılıq əlaməti, nə də loğvalıqdır. Bu, bir qələm adamının arxayınlığıdır.
Lakin bunlarla heç də hər şey həll olunmur, problemlər bitmir.
Ən vacib problemlərdən biri də peşəkar, öz sənətinin vurğunu və aşiqi olan jurnalistlərin işsiz qalmasıdır. Bu, onları fiziki baxımdan olmasa da, mənən, daxildən məhv edir. Yaradıcı insan öz qabında, yerində olmalıdır.
Əlbəttə ki, yuxarıda da qeyd etdiyim ki, işsizlik peşəkarları zahirən öldürə bilmir. Çünki burada özgüvən, özünəinam və arxayınlıq var.
Lakin məsələnin mənəvi tərəfi onu deməyə əsas verir ki, bu gün əldəqayırma, kölgə siyasətinə sığınmış, süni intellekt qəhrəmanları olan jurnalistlər peşəkarlara meydan oxuya bilməz. Ucdantutma ixtisarlar, hansısa "yayarlı" kadrın hikkəsinə qurban edilən peşəkarlar da nəzərə alınmalıdır.
Azərbaycan mətbuatı 150 ildən çoxdur yol gəlir. Həsən bəy Zərdabi, Mirzə Cəlil və onlarla dühaların cızdığı yolla. Bu günkü jurnalistika Novruzəlilərin poçt qutusunun yanında mürgüləməsinə bəmzəməməlidir. Nə də redaksiyalarda it boğuşdurub, xoruz döyüşdürməməlidir.
Kimsə məni qınayacaq, kimsə haqlı sayacaq. Mən fikir və düşüncəmdə kimlərinsə rəyinə yüklənmirəm. Doğru bildiyimi də, deməkdən çəkinmirəm.
Yox, əgər dediklərim səhvdirsə, düzünü bilən mənə izah etsin. Peşəkarları təsadüfi insanlara qurban vermək olmaz...
Rəşid Behbudov adına mahnı teatrında keçiriləcək qurultayda kim özündə cəsarət tapsa, məkana uyğun tərzdə "İnsaf da yaxşı şeydir" mahnısını zümzümə etsin.
Ramidə Allahverdiyeva.

Sizin reklam burada
Sizin reklam burada