Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ümidim Sənsən” Sosial İnkişafa Yardım ictimai birliyinin icra etdiyi “Sağlam nəsil üçün qohum nikahlarına son deyək” layihəsi çərçivəsində 9-11 avqust 2025-ci il tarixində Masallıda 3 günlük “Təlimçilər üçün olan təlim” (TOT) həyata keçirilib. Təlimdə rayonun müxtəlif kəndlərində yaşayan 20 nəfərdən çox sosial aktiv və təhsil sahəsində çalışan gənclər, xüsusən də qızlar təmsil olunub.
Tədbirin proqramı və layihənin məqsədi,
layihəni maliyyələşdirən donor təşkilat ilə bağlı birliyin sədri, layihə rəhbəri
Fidan Abbaslı geniş məlumat verib. O, layihənin hədəflərini tədbir
iştirakçılarının diqqətinə çatdırıb. Layihə üzrə təlimçi Afiq Məlikov tərəfindən
iştirakçılarla nikah hüququ, Azərbaycanda ailə dəyərləri, qohum nikahlarının
yaratdığı sosial problemlər, qohum nikahlarının sosioloji fəsadları və s
mövzularda məlumatları bölüşüb və müzakirələr aparılıb. Təlim zamanı müxtəlif
qrup işləri kimi fəaliyyətlər də icra edilib. Digər təlimçi Astara rayon Mərkəzi
Xəstəxanasının psixoloqu Fərrux Əliyev də iştirakçılarla qohum nikahlarının
psixoloji aspektlərini müzakirə edib, qohum nikahları və onların doğurduğu
genetik xəstəliklər və digər praktiki misallarla çıxış edib. Təlim zamanı, təqdimatlar,
fokus qrup müzakirələri, interaktiv qrup işləri həyata keçirilib, mövzuya uyğun
videoçarxlar təqdim olunub, iştirakçıların mövzu barədə fikirləri dinlənilib.
Tədbirin
sonunda iştirakçılar oxşar mövzularda təlimlərin cəmiyyət üçün əhəmiyyətini
qeyd edib, gələcəkdə qohum nikahlarının fəsadlarını nəzərə alaraq belə evliliklərə
qarşı mübarizə tədbirlərinin aparılmasının vacib olduğunu vurğulayıblar.
Yekunda iştirakçılara sertifikatlar təqdim edilib.
Təşkilatdan
verilən məlumatda o da bildirilib ki, təlimdə iştirak edən gənclər ətrafında
olanlar üçün müxtəlif məlumatlandırma görüşləri təşkil edəcək və sosial şəbəkələrdə
qohum nikahları əleyhinə müxtəlif formada təbliğat xarakterli yazılar
paylaşmağı hədəf götürüblər.
Qeyd edək
ki, layihənin əsas məqsədi ictimaiyyət arasında qohum
evliyinin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərini həyata
keçirtməklə belə evliliklərdən yarana biləcək xəstəliklərin qarşısının
alınmasına nail olmaq və sağlam gəncliyin formalaşmasına töhfə verməkdən ibarətdir.