Qərb bölgəsində baş qaldıran “Yəmançilik“inancı hansı dövlətin layihəsidir?- İLGİNC DETALLAR

Qərb bölgəsində baş qaldıran “Yəmançilik“inancı hansı dövlətin layihəsidir?-  İLGİNC  DETALLAR
08 May 2024 09:26

Son vaxtlar ölkəmizin Qərb bölgəsində “Yəmançilik” təriqəti yayılmağa başlayıb.

Bəs, bu nə təriqətdir və mayasını hansı ölkədə tutub?

Suala ilahiyyatçı Tural İrfan aydınlıq gətirib.  News365.az-a   açıqlamasında o bildirib ki, təməli İraqda qoyulmuş yeni təriqət "Mehdiçilik" yaxud "Yəmaniçilik" son vaxtlar geniş yayılmaqdadır:

“Köhnə fars nağılları ilə bəzədilmiş etibarsız əski mətnlərdən özlərinə "dəlil-sübut" düzəldib siyasi sifarişini Qərbdən alan bu cərəyanın qurucusu Əhməd Əl Yəmani adı bir şəxsdir. Özünü Mehdi, gah "12 Mehdinin ilki", gah da Mehdinin zühurundan əvvəl zühur edib ona yardım etməli olan Yəmani adlandıran bu şəxs artıq özündən sonra da yalançı "mehdilər" peydahlayır. Çox təəsüf ki, bu inanc ölkəmizdə də yayılmağa başlayıb.

İslam dininin inkar etdiyi bu reankarnasiya inancıdır. Tənasüx adlanan bu etiqada görə ruh bir bədəndən başqasına keçir. Cavidanın ruhunun Babək Xürrəmiyə keçməsi inancı da vaxtilə Məzdəkiyyə, Xürrəmiyyə təriqətlərində mövcud olub.

Bu etiqad, bu cərəyan tamamilə orijinal İslama ziddir. Həm etiqad əsaslarını, Quranı, həm tarixi, həm İslam hüququnu təhrif edir, müasir texnoloji vasitələrdən də istifadə edərək Qərbin dəstəyi ilə İslam aləmində təbliğ edilir.

Qərb İraqı işğal edəndə təkcə neftini, sərvətini istismar etməyi düşünmürdü. Həm də mənəvi sərvətlərini zəbt etməyi məqsəd qoymuşdu. Təhriflər, məzhəbləri qarşı - qarşıya qoymaq siyasəti tarixi - dini - mədəni abidələrin, kitabxanaların, arxivlərin talanması ilə paralel gedirdi. ABŞ İraqı zəbt edib İrana bağışlayandan sonra İraqda İslam dininə qarşı misli görünməmiş zərbələr vuruldu”.

ABŞ İslamı xaricdən İransa daxildən çürüdür.

İlahiyyatçı qeyd edib ki, Səddam Hüseynin xəyanətə uğraması da vaxtilə onun etibar edib yaxına buraxdığı "Kəsnezani" təriqəti və əşirət başçılarının xarici kəşfiyyatlara ötürdüyü məlumatlar əsasında baş vermişdi. Hətta təriqət başçıları İraq liderinin oğlunu, həyat yoldaşını, birinci vitse-prezident İzzət İbrahim əl Durinini əldə saxlamağı bacarmışdılar.

İşğaldan sonra o təriqətin bütün liderlərinə xüsusi imtiyaz tanınaraq vəzifələrə çəkildilər, hətta partiya lideri oldular. İndi də "Yəmaniçilik" yaradılıb. Ancaq bunun təsir dairəsi "Kəsnezani" təriqəti kimi təkcə İraqı əhatə etmir.Bu  İslam dininin üç sütunu sayılan "Tövhid, Nübuvvət və Axirət" inancının üçünü də təhrif etməyə hədəfləyib. Bu inanca görə İmamlar da tanrıdır. Vaxtilə fars müəlliflərin İmamlar adına yazdıqları, bu gün isə heç şiələrin belə əksəriyyətinin saxta hesab edib qəbul etmədiyi mənbələrdən hədislər gətirib sübut etməyə çalışırlar ki, guya Əhli Beyt İmamları gizli Allah olublar. Quranda bəzi ayələrdə Allahın özünə "Biz" deməsini bu cür əsaslandırırlar ki, guya Allah "Biz" deyərkən İmamlarla birlikdə xəlq etdiyini, Quranı birgə nazil etdiklərini deyir. Sadəcə İmamlar insan formasında yerdə zühur etmiş tanrılardır. İmamları Allah yaradıb, bəşəriyyəti isə İmamlar. Ona görə Allahın yaratdığı İmamlar mükəmməl insanlardır. Ancaq İmamların yaratdığı bəzi insanlarda nöqsanlar var. Nə qədər olmasa Tanrı ilə tanrının ortaqlarının yaratdığı arasında fərq olmalıdır ki, bu da onun təsdiqidir. Bu əqidəyə görə Allahın Adəmə səcdə əmri verməsi zamanı Adəm də tanrı idi. Əks halda Allah özündən başqasına səcdə əmri verməzdi. Bu əqidəyə görə Tur dağında Musa Peyğəmbər ilə danışan İmam Baqir olmuşdur, əks halda Allahın danışması mümkün olmazdı, çünki sözə möhtac deyil. Bu əqidəyə görə İmam Əli Kəbədə doğulandan sonra anasının qucağına qoyularkən Quranın "Muminun" surəsini oxuyurdu. Quranın daha sonra nazil olmasına baxsaq bu o deməkdir ki, adı da Allahın adı "Ali" olan şəxs tanrının zühuru idi”.

Tural İrfan onu da vurğulayıb ki, əzanda "Mehdiyyən vəliyullah" cümləsini vacib hesab edirlər ki, zamanın İmamına mütləq şəhadət verilməlidir:

“"Əhd" duası deyilən duanı hər namazdan sonra oxuyub əllərini qabağa uzadaraq İmama beyəti təzələməyi vacib hesab edirlər. Vaxtilə bu cür mübaliğəli inanclar İsmaili, Qərməti, Ğulat-Əliallahi, Nüseyri, Keysaniyyə cərəyanlarında da mövcud olub.

Məsələn, Qurabiyyə təriqətinə görə mələk Cəbrail Quranı İmam Əliyə gətirməli olduğu halda dumana düşərək yolu çaşıb və Həzrət Muhəmmədə gətirib. Ona görə də hər namazdan sonra əllərini dizlərinə çırpıb Cəbrayıla "Xanəl Əmin-Xanəl Əmin" (Cəbraili- əmin xəyanət etdi) deyərək lənət oxuyurdular.

İndi Bəşşar Əsədin də təriqəti olan Nuseyriyyə təriqətinə görə 11 - ci İmam Həsən Əsgərinin naibi olmuş əl Nuseyr tanrıdır və sonuncu İmamdır. Bütün imamların ruhu bir - birinə, sonda da Nuseyrə keçib. Bu inancların hamısı mənbə olaraq əsaslarını fars müəlliflərin yazdığı, indi də inanılan, İmamlar adına uydurulan hədis kitablarından götürür.

"Yəmaniçilər" İslam dininin ikinci sütunu, yəni Nübuvvəti də Peyğəmbərləri ilahiləşdirmək və tənasüx kimi inancları onlara şamil etməklə, özlərinin ruhlarının da guya bir - birinə keçməsini təbliğ etməklə təhrif edirlər.

Üçüncü sütun olan Miad və ya Məad deyilən axirət, cənnət - cəhənnəm, sorğu inancını da reankarnasiya inancı ilə aradan aparırlar. Yəni onlara görə insanın ruhu Krişnalıqda deyildiyi kimi bir-birinə keçir. Yaxşı adamların ruhu yaxşılara, pislərin ruhu da pislərə keçir”.

Həmsöhbətimiz qeyd edib ki, bu cür əqidələr orta əsrlərdə də mövcud olub, ancaq filosoflar və kəlam alimləri tərəfindən çürüdülüb aradan aparılıb:

“Mötəzilə kəlami - fəlsəfi - elmi məktəbi əsasən bu cür batil inanclara qarşı böyük mübarizə yolu keçib. O zaman da İslamı məhv etmək istəyən xarici güclər, əsasən də farslar bunda maraqlı idilər və qismən də nail oldular. Ruhani, hədisçi, din alimi qılıfına girmiş fars şüubiyyə cərəyanının üzvləri xəlifə Öməri terror edib öldürdükdən sonra Sasani imperiyasının İslam qoşunları tərəfindən fəth edilib əhalinin kütləvi olaraq İslam dininə gətirilməsini heç zaman həzm edə bilmirdilər. Odur ki, güc toplayan Sasani qalıqları Bağdadda Büveyhilər kimi dövlətlər qursalar da, müəyyən zaman kəsimində İslamı təhrif etməyə nail olsalar da Səlcuqlular tərəfindən tənəzzülə uğramışdılar. Səlcuqlulara da yol tapan fars ideoloji-siyasi şüubiyyə davamçıları fars vəzir Nizamülmülkün sayəsində o dövlətin də əqidə əsaslarını farslaşdıra bildilər ki, Nizamiyyə mədrəsələrinin rektoru, fəlsəfəyə düşmən kəsilib İbn Sina, İbn Rüşd kimi təbib - mütəfəkkir - filosofları kafir elan edərək onlara rəddiyyələr yazmaqla məşğul olan fars Əbu Hamid Qəzzali əsasən ifrat sufizm cərəyanlarını inkişaf etdirərək türklərin at belində qılınc ənənəsini, əldə təsbeh güşənişinliyə çəkilmək adəti ilə əvəzlədi və mümkün qədər türklərin mübarizə ruhunu zəiflətdi bu ideoloji üsullarla...”

Farslar İslamı içindən məhv etməyi məqsəd qoyublar.

Tural İrfan hesab edir ki, bu gün əhli sünnətin Qurandan sonra ən mötəbər saydığı altı kitabın müəllifi, şiələrin Qurandan sonra mötəbər saydığı dörd kitabın müəllifi farsdır:

“Sünni kitablarına Əhli Beytə qarşı, şiə kitablarına isə səhabələrə qarşı minlərlə hədislər uydurub yazdılar. Sanki İslam dünyasına, ümmət arasına nüvə silahı ataraq müharibələrin ideoloji səbəbini yaratdılar. Həm də ümməti zəhərlədilər. Nəticədə bu günki mənzərə yarandı.

Məhz yaranan bu cür təriqət, cərəyanların hamısı vaxtilə Sasani imperiyasının süqutunu həzm edə bilməyən millətçi fars ideoloqlarının İslam daxilində etibar qazanıb uydurduqları hədislər, yazdıqları kitablardır.

Əgər bu gün İslam aləmində fars müəlliflərin yazmış olduğu bütün kitabları, hədisləri, tarixi mənbələri kənara qoysaq, İslam ümməti arasında ixtilaf sıfıra enəcək. Bütün xurafat, radikalizm, məzhəb ayrıseçkiliyi, ixtilafın hamısı fars müəlliflərin fəaliyyəti nəticəsindədir. Necə ki, bu gün İran bütün İslam dünyasını çaxnaşdırır, o dövrdə də farslar bundan betər çaxnaşdırıb. Bu günki İranı, Misir, Suriya, Fələstin, İraqı fəth edib müsəlman edən ikinci xəlifə Öməri şiddətli dərəcədə hədəfə gətirmək üçün fars Buxari yazır ki, guya Peyğəmbər can verəndə Ömər dedi ki, “o sayaqlayır”. Digər fars müəllif İbn Quteybə yazır ki, guya” İmam Əli birinci xəlifəyə beyət etmədiyinə görə Ömər onun evinə hücum edib həyat yoldaşını qapının arasında əzib şəhid etdi...” Yəni, belə rəvayətlərlə Sasani imperiyasını tarimar edən xəlifəni söymək, böhtanlamaq ənənəsi hələ də davam edir. Çünki "niyə bizi müsəlman etdi, niyə İranı fəth etdi?" deyə söyə bilməz, hədəfə gətirə bilməzdilər. Hədəfə gətirmək üçün nəsə bir həssas, bütün müsəlmanların diqqətini çəkəcək hadisələr uydurmaq lazım idi ki, onu da farslar uydurub bu günə kimi böyük bir fitnə alovunu qalamış oldular.

Hesab edirəm ki, "Yəmaniçilik" kimi cərəyanların ayaq açmasına imkan vermək İslam dəyərlərini təhrif etməyə, aradan aparmağa şərait yaratmaq deməkdir”.

İlhamə Qiyas, News365.az 


Youtube kanalımız

Oxşar xəbərlər