“Qarabağ”ın legioneri qıza yazdı, üzr istədi, hədiyyə göndərdi - FOTO

“Qarabağ”ın legioneri qıza yazdı, üzr istədi, hədiyyə göndərdi -  FOTO
08 May 2024 00:50

“Qarabağ”ın legioneri Redon Cica komandanın xanım azarkeşinə öz formasını göndərib.

Təbii ki, albaniyalı futbolçunu bunu elə-belə etməyib. Yəni Sevinc Məmmədova ondan forma istəməyib.

Cica bu üsula əl atmaqla “Sumqayıt” – “Qarabağ” qarşılaşmasında yaşanan hadisəyə görə Sevincin könlünü almağa çalışıb.

Məmmədova aprelin 28-də yaşanan olayla bağlı Sportinfo.az-a danışıb:

“Sumqayıt”la “Qarabağ” oynayan gün idi. Matçdan əvvəl futbolçular qapıya zərbələr üzərində məşq edirdi. Bacımın uşaqlarını özümlə stadiona gətirmişdim deyə, tribunanın aşağı tərəfinə endim ki, onların şəklini çəkim.

Bildiyiniz kimi, yeni stadiondakı qapıarxası sektorların önündə qoruyucu tor yoxdur. Buna görə də Cicanın qapıya vurduğu top sektora gəlib zərbə ilə əlimə dəydi.

Yaxşı ki, həmin an əlimlə üzümü tutmağı bacardım. Başıma dəysəydi, fəsadı ağır olardı. Telefon əlimdən düşdü, əlim bir az əzildi.

Səhərə qədər yata bilmədim. Yuxudan duranda ağrıların şiddətli olduğunu görüb ağrıkəsicilərin hesabına müayinə etməyə çalışdıq. 10 günə yaxındır əlim sarğıda gəzirəm. Şükür, ciddi bir şey yoxdur, hər şey qaydasındadır”.

Hadisədən sonra xanım azarkeş sosial şəbəkə hesabında paylaşım edib. Postu görən Redon Cica zərbənin məhz ona məxsus olduğunu anlayaraq Sevincə yazıb, üzr istəyib, ona xatirə hədiyyəsi verəcəyini bildirib:

“Açığı, topun kimin vurduğunu görməmişdim. Sonradan sektordakı tanışlar Cicanın vurduğunu dedilər.

Mən də “instagram” səhifəmdə sarğılı əlimin şəklini paylaşıb, oyundan xatirə qaldığını yazmışdım. Söhbət Cicaya çatıb.

O da mənə yazaraq üzrxahlıq etdi, bilmədən olduğunu söylədi. Dedi, “Neftçi”ylə oyuna gələndə formamı verərəm. Verdiyi sözün üstündə durdu.

Bu məsələdə futbolçuluq bir şey yoxdur. Cicanın, yaxud mənim yerimdə başqası ola bilərdi. Problem stadionda sektoru topdan qoruyan torun olmamasıdır”.


Youtube kanalımız
“Qarabağ”ın legioneri qıza yazdı, üzr istədi, hədiyyə göndərdi -  FOTO

Oxşar xəbərlər