Maksimal bal toplayanların çox olmasının SƏBƏBİ budur...

Maksimal bal toplayanların çox olmasının SƏBƏBİ budur...
07 Apr 2024 10:46

Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Beləliklə də bu il ilk buraxılış imtahanından maksimal balı toplayanların sayı çox olub.

Səbəb cari ildə imtahan suallarının asanlaşması, yoxsa şagirdlərin bilik səviyyəsinin artmasıdır?

QAFAR .png (438 KB)

Musavat.com xəbər verir ki, təhsil eksperti Elşən Qafarov məsələyə bu cür mövqe bildirib:

"DİM bu il keçirilən imtahanlarda həm sualların səviyyəsində, həm də kitabçaların iştirakçılarda qalması ilə bağlı ciddi jestlər etdi. İmtahanların nəticələrini analiz etsək, hər 5-7 ildə bir dəfə DİM-in bir dəfə belə səxavətli olduğunu görürük. Maraqlıdır, gələn ildə nəticələr ən azı builki nəticələr kimi ola bilərmi? Bunu gələcək göstərəcək.

İllərdir DİM-də ciddi islahatların aparılmasına ehtiyac olduğunu bildiririk. DİM-dən test, kitab, qəbul proqramı hazırlamaq səlahiyyəti alınmalıdır. DİM imtahanları keçirən texniki bir quruma çevrilməlidir.

Təklif edirik ki, Prezident Aparatı yanında və ya Nazirlər Kabineti yanında Testologiya İnstitutu və ya Mərkəzi yaradılsın. Testləri yalnız bu mərkəz hazırlasın. Hazırlanmış testlər məzunların real bilik və bacarıqlarına uyğun tərtib edilsin. Həmin yaradılacaq Mərkəz ETN ilə milli qiymətləndirmə və ya monitorinqlər vasitəsi ilə, DİM ilə isə sınaq imtahanları vasitəsilə əməkdaşlıq edərək məzunların real bilik və bacarıqlarının ümumi səviyyəsini müəyyən edəcək. Suallar məktəbdə öyrədilən səriştələrə uyğun olaraq tərtib ediləcək, nəticədə repetitorluq minimuma enəcək, məktəbə, təhsil sisteminə inam artmış olacaq".

Xatırladaq ki, 10 mart 2024-cü ildə keçirilmiş buraxılış imtahanının nəticələrinin 15-19 aprel tarixləri ərzində elan olunması nəzərdə tutulur.

14 apreldə isə növbəti imtahan keçiriləcək.


Youtube kanalımız

Oxşar xəbərlər