Yay aylarında istilər, tərləmə və yuxu pozğunluqları bir çox insan üçün qaçılmazdır. Sərinləmək üçün kondisionerə üz tutanlar isə bəzən fərqində olmadan sağlamlıqlarını riskə atırlar.
News365.az-ın xarici mediaya istinadən məlumatına görə, mütəxəssislər kondisionerin yanlış istifadəsinin dayaq-hərəkət sistemi problemlərinə səbəb olduğunu bildirirlər.
Soyuq hava birbaşa boyun, bel, kürək və çiyinlərə vurduqda əzələlərdə spazm, sərtlik və ağrı yaranır. Bu vəziyyət zamanla xroniki ağrılar, hərəkət məhdudluğu və sinir sıxılmaları ilə nəticələnə bilər.
Uzun müddət kondisioner qarşısında eyni vəziyyətdə qalmaq – istər evdə, ofis, istərsə də avtomobildə – qan dövranını zəiflədir, əzələlərdə qidalanma pozulur. Bu da bel-boyun ağrıları, baş ağrısı və bədəndə yayılmış ağrılarla nəticələnə bilər.
Mütəxəssislər müalicədən çox qoruyucu tədbirlərə önəm verilməsini tövsiyə edir. Bunlara aşağıdakılar daxildir:
Kondisioner axınını birbaşa bədənə yox, divara və ya tavana yönəldin
Otaq temperaturunu 23–25°C arasında saxlayın
Kondisioneri taymerlə idarə edin
Boyun, bel və çiyinlərinizi nazik paltar və ya şalla örtün
Hər 45–60 dəqiqədən bir hərəkət edin
Gündə ən az 2–2.5 litr su için
Havanın rütubət balansını qoruyun (45–60%)
Qısa müddətli əzələ sərtliyi adətən keçici olsa da, ağrılar uzun sürərsə, yuxuya və hərəkətə mane olarsa, mütləq fiziki terapevtə müraciət edilməlidir. Erkən diaqnoz xroniki problemlərin qarşısını alır.