Qınadığınız Reportun sualı məncə çox anlamlı idi. Niyə? 35 ildən sonra Qafqaz regionuna sülh gəlir və bu sülhün əks etdirilməsi istiqamətində vacib bəyanatın imzalanmasında Donald Trump xüsusi rol oynadı. Ona görə də jurnalistin “Siz bu ölkələrə səfər edə bilərsinizmi?” sualı tamamilə yerində verilmiş sualdır.
Jurnalist nədən ittiham edilir? İngilis dilini bilməməkdə? Yoxsa zəif bilməkdə? Baxın, o gecə tarix yazılırdı, biz də Bakıda həyəcanla telefon əlimizdə YouTube qarşısında oturub canlı izləyirdik, həyəcanlanırdıq. Kadrlardan belə hiss edilirdi ki, liderlər də həyəcanlı idilər. İndi təsəvvür edirəm, orada olan jurnalistlər nə hiss keçirirdilər.
Tarixi hadisəyə şahidlik etmək, onu çatdırmaq elə də asan deyil. 2020-ci ildə İTV-nin aparıcısı xəbər çatdıranda efirdə ağladı. Bu sevinc və həyəcan göz yaşı idi. Bəzilərinin məntiqi ilə yanaşsaq, onu da ittiham etmək olar ki, emosional zəiflik nümayiş etdirib efirdə göz yaşı tökdü.
Bir başqa misal: TV-də işlədiyim zaman dedilər, tezdən hava limanının VİP zalına gedib ölkəyə gələn qonağı qarşılamaq lazımdır. Müsahibə olmayacaq, sadəcə çəkiliş edib qayıdın. Getdik, qonaq VİP-dən çıxdı və maşına doğru gedəndə, özümdən asılı olmayaraq mikrafonu qaldırıb müsahibə almaq istədiyimi işarə etdim.
Gözləmədiyim halda adam üstümə doğru gəldi və dedi: “Sualınızı eşidirəm.”
Quruyub qaldım, nə soruşmaq istədiyimi normal izah edə bilmədim. Adam nə istədiyimi özü anlayıb cavabladı, sonda bir şəkil çəkdirdi və mindi maşına.
Yəni demək istədiyim odur ki, jurnalist insandır və nə qədər hazırlıqlı olsa da, o da həyəcanlana, fikri qarışa bilər. Kimisə ittiham etməzdən öncə özünüzü onun yerinə qoyun.