Baş nazir: “Türkiyə şirkətləri Qarabağda dörd milyard ABŞ dolları dəyərində olan layihələr icra edirlər”

Baş nazir:  “Türkiyə şirkətləri Qarabağda dörd milyard ABŞ dolları dəyərində olan layihələr icra edirlər”
08 May 2024 20:29

“Azərbaycanda dörd mindən çox Türkiyə şirkəti aktiv şəkildə fəaliyyət göstərir”.

News365.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Ankarada keçirilən Türkiyə-Azərbaycan biznes forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycanda cəlbedici investisiya mühiti formalaşıb və xarici investorların maraqları, buraya qoyulan vəsait dövlət tərəfindən qorunur:

“Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları sərmayə qoyulub, bunun 200 milyard ABŞ dolları qeri-neft sektorunun payına düşür. Bu, Azərbaycanda olan münbit sərmayə iqlimin nəticəsidir. Türkiyə şirkətləri də bundan istifadə edir. Belə ki, Azərbaycanda dörd mindən çox Türkiyə şirkəti aktiv şəkildə fəaliyyət göstərir”.

O qeyd edib ki, hazırda Azərbaycanın işğaldan azad edilən ərazilərində Türkiyə şirkətləri də yaxından iştirak edir:

“20-dən çox Türkiyə şirkəti həmin ərazilərdə 50-yə yaxın layihə icra edir. Həmin layihələrin ümumi dəyəri dörd milyard ABŞ dolları təşkil edir. Eyni zamanda, Türkiyədə Azərbaycan şirkətləri müxtəlif sahələrdə iş qurub və qardaş ölkənin iqtisadiyyatına öz töhfəsini verib”.

Baş nazir vurğulayıb ki, iki ölkə arasında qarşılıqlı investisiyanın həcmi artmaqda davam edir:

“Türkiyə indiyədək Azərbaycana 16 milyard ABŞ dollardan artıq sərmayə yatırıb. Azərbaycanın qoyduğu sərmayənin həcmi isə 20 milyard ABŞ dollarından artıqdır”.


Youtube kanalımız

Oxşar xəbərlər