“Bakı Marafonu 2024” başa çatdı

“Bakı Marafonu 2024” başa çatdı
05 May 2024 17:57

Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçirilib.

News365.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı ilə keçirilən yarışa 18 mindən çox iştirakçı qatılıb.

Budəfəki marafonda qadınlar arasında ukraynalı iştirakçı Nataliya Semenoviç birinci olub. Xatırladaq ki, Nataliya Semenoviç “Bakı Marafonu-2023”ün də qalibi idi.

Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar.

Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutublar.

İlk üç yerin sahiblərinə müvafiq olaraq, 3 000, 2 000 və 1 000 manat pul mükafatları, medal və diplomlar təqdim edilib.

Artıq yeddinci dəfədir təşkil olunan Bakı marafonu insanları böyük coşqu ilə ətrafına toplayır.

Qeyd edək ki, 2016-cı ildən 21 kilometr məsafədə təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. Hər il iştirakçıların sayının artması yarışa marağın göstəricisidir. Xüsusi qayğıya ehtiyacı olan şəxslər builki marafonda da iştirak ediblər.

Yarış zonasında marafonu dəstəkləyənlər üçün isə əyləncə dolu “fan zona” - musiqi, DJ-lər, əyləncə proqramları təşkil edilib.

Yarışın start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olub. Marafonun marşrutu Dənizkənarı Bulvarı, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edib.

Qeyd edək ki, marafonun əhatə etdiyi marşrut boyu DJ-lər, könüllülərdən ibarət əyləncə komandaları marafonçuları qarşılayıb, xüsusi könüllü qrupları iştirakçıların marşrut boyu istiqamətləndirməsinə kömək edib. 21 kilometrlik yolda maskotlar, su, nəqliyyat və tibb məntəqələri də təşkil olunub.


Youtube kanalımız

Oxşar xəbərlər