ABŞ-ın Minnesota ştatında 56 yaşlı təqaüdçü avtomobil ustası Richard Guilford, 2014-cü ildə itirdiyi pulqabına 11 il sonra qovuşub. İçində sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, nağd pul və hədiyyə kartları olan pulqabı, bir təmirxanada “Ford Edge” model avtomobilin mühərrikindən çıxıb.
News365.az xəbər verir ki, Guilford pulqabını 2014-cü ildə Ford zavodunda avtomobil yığımı zamanı itirib. Onun köynəyinin cibindən düşdüyünü düşünən Guilford, 30-40 avtomobili yoxlayıb, dostları da onlarla maşını araşdırıb, lakin nəticə əldə olunmayıb. Pulqabı illərlə sanki qeybə çəkilib.
Keçən ay Lake Crystal şəhərində usta Chad Volk, müştəri avtomobilinə texniki xidmət göstərərkən mühərriklə hava filtri qutusu arasında ilişmiş pulqabını tapıb. Məlum olub ki, avtomobil bu müddət ərzində təxminən 240 min kilometr yol qət edib və pulqabı yerindən tərpənməyib.
“İnsanlığa Güvənimi Təkrar Bərpa Etdi”
“The Mirror” nəşrinin xəbərinə görə, Volk pulqabının içində sahibinin sənədlərini görüb Facebook vasitəsilə Guilford ilə əlaqə saxlayıb. Təxminən 1125 kilometr uzaqda yaşayan Guilford xəbəri alanda böyük təəccüb yaşayıb:
"İnsanlığa olan inamınızı təzələyir. ‘Bunu tapdım, sənə qaytaracağam’ deyən insanlar hələ də var.”
11 İldə Zərər Görməyib
Guilford, pulqabının yağışa, qara və mühərrik istisinə baxmayaraq zərər görmədiyini vurğulayıb:
"Minnesota-nın dondurucu soyuğunda, Arizona-nın yandırıcı istisində o qədər yol gedib. Bu inanılmazdır.”
Pulqabının 2010-cu illərin əvvəlində Milad hədiyyəsi olduğunu bildirən Guilford, onu içindəkilərlə birlikdə evində vitrinə qoyacağını və bu hekayəni övladları ilə nəvələrinə danışacağını deyib.
Ford rəsmiləri isə hadisəni yumorla belə dəyərləndirib: “Tam yerinə düşən bir təmir.”