ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ona qarşı açılan cinayət işlərinə rəhbərlik etmiş xüsusi prokuror Cek Smitin ofisində çalışanların hamısını işdən çıxarmağı planlaşdırır. Bu barədə Washington Post (WP) siyasətçinin keçid komandasına yaxın iki mənbəyə istinadən yazıb.
"Mənbələrin sözlərinə görə, Tramp ona qarşı iki federal ittiham üzrə işləyən bütün komandanı işdən çıxarmağı planlaşdırır. Bununla belə, yeni seçilmiş prezidentin kütləvi ixtisar həyata keçirməsinə mane olacaq müəyyən qaydalar da var. Hüquq ekspertləri qeyd edirlər ki, buna görə də qanunlara düzəlişlər illər çəkə bilər", - nəşr yazıb.
Məqalə müəllifləri əlavə ediblər ki, Tramp indi ştatlarda 2020-ci il seçkilərinin nəticələrində saxtakarlığa dair dəlillər axtarmaq üçün Ədliyyə Departamentində istintaq qrupları yığmağı planlaşdırır.
ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçirilib. Bu vəzifə üçün Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Trampın 312, Harrisin isə 226 səsi olub.
ABŞ-nin 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.
Tural