Rəqəmsal tələbə kartlarından istifadə olunurmu?

Rəqəmsal tələbə kartlarından istifadə olunurmu?
13 Dek 2024 09:06
Universitetlər İRİA və ETN datası əsasında yeni dəyərlər formalaşdırırlar.
Artıq bu data əsasında universitet tələbələri üçün rəqəmsal tələbə kartları yaradılıb. Yəni tələbələr SİMA imza ilə myGov tətbiqinə daxil olmaqla burada tələbə məlumatlarının əks olunduğu “tələbə kartı”nı əldə edirlər.
Bu məlumatlar ETN-nin myGov-a inteqrasiya olunan tələbə datası əsasında real vaxtda formalaşır.
Bununla da tələbələr alternativ olaraq, fiziki formada tələbə kartı olmadan da tələbə məlumatlarını lazım olan yerlərə təqdim edə bilirlər.
Ümumiyyətlə, tələbələr, vətəndaşlar tələbə biletini, şəxsiyyət vəsiqəsini və s sənədləri bölüşmək üçün mygov mobil tətbiqində “Paylaş" düyməsindən istifadə edirlər. Bu zaman ekranda QR kod və 8 simvoldan ibarət (hərf, rəqəm qarışığı) sənəd nömrəsi əks olunur.
İRİA bu məlumatların yoxlanılması üçün də rəqəmsal həll yaradıb. Qurumlar “mygov Checker” platforması vasitəsilə sənədlərin doğruluğunu yoxlaya bilərlər. Hansısa qurumda sənədlərin yoxlanılması üçün qurum rəhbəri checker.e-gov.az portalına daxil olub əməliyyatları icra edəcək əməkdaşlarına müvafiq səlahiyyətlər verməlidir.
Səlahiyyətli şəxs “mygov Checker” tətbiqində “QR skan et” düyməsilə QR kodu skan edə və ya həmin sənəd nömrəsi ilə identifikasiya edə bilər.
Təqdim olunan məlumatların yoxlama tarixçəsi myGov mobil tətbiqində “Paylaşdığım məlumatlarım” bölməsində əks olunur. Eyni zamanda yoxlayan qurumlar da tələbənin, vətəndaşın kim tərəfindən yoxlanıldığını görə bilir.
Artıq bu proses AzTU-da pilot qaydada tətbiq edilir.
10 mindən çox AzTU tələbəsi myGov platformasını öz telefonlarına yükləyib. Yəni anlaşıqlı desək, artıq 10 mindən çox AzTU tələbəsi rəqəmsal tələbə kartına, rəqəmsal şəxsiyyət vəsiqəsinə və digər rəqəmsal sənədlərə sahib olub. İRİA və ETN ilə əməkdaşlıq çərçivəsində bu istiqamətdə xeyli işlər görülüb.
Universitet rəhbərliyinin tapşırığı əsasında tələbələrin identifikasiyası üçün məsul olan şəxslər İRİA sistemində qeydiyyatdan keçiblər.
İRİA-nın dəstəyi ilə universitetin mühafizə xidmətinin əməkdaşları üçün Təlimlər də təşkil edilib.
Təlim zamanı səlahiyyətli şəxslərə rəqəmsal tələbə kartının məlumatlarının oxunması üçün, tələbələrin identifikasiyası üçün mövcud qaydalar izah edilib.
Düşünürəm ki, dövlətə məxsus datalardan efefktiv istifadə etməklə yeni dəyərlərin yaradılması yetərincə əhəmiyyətlidir və bu, ölkədə rəqəmsal transformasiya proseslərinin sürətlənməsinə təkan verir.
Digər universitetlər də tələbələrə myGov tətbiqi yüklətməklə və İRİA-nın rəqəmsal platformasında qeyiyyatdan keçməklə bu rəqəmsal xidmətlərdən faydalana bilərlər. Və bu, çox doğru olardı.
Osman Gündüz, İKT üzrə ekspert

Youtube kanalımız