Bu gün restoran menyularını açmaq, ödəniş etmək və internet səhifələrinə daxil olmaq üçün istifadə edilən QR kodlar əslində avtomobil sənayesindəki problemi həll etmək məqsədilə hazırlanıb.
News365.az xəbər verir ki, Yaponiyanın Denso Wave şirkəti 1994-cü ildə QR kod texnologiyasını təqdim edib. Onun hazırlanmasında mühəndis Masahiro Hara əsas rol oynayıb.
Ənənəvi ştrix-kodlar məhdud həcmdə məlumat saxladığı üçün avtomobil hissələrinin istehsal və daşınma prosesində onların istifadəsi çətinləşirdi. QR kod isə daha çox məlumatı kiçik sahədə yerləşdirməyə və onu sürətlə oxumağa imkan verirdi.
Texnologiyanın əsas üstünlüklərindən biri məlumatın müəyyən hissəsi çirkləndikdə və ya zədələndikdə belə kodun oxuna bilməsidir.
Sonradan QR kodlar istehsalatdan kənara çıxaraq gündəlik həyatın bir hissəsinə çevrildi. Bu gün həmin texnologiyadan elektron ödənişlərdə, biletlərdə, reklam materiallarında və məhsulların izlənməsində geniş istifadə olunur.