“Qərbi Azərbaycan TV“ yeni binada

“Qərbi Azərbaycan TV“ yeni binada
01 May 2024 10:43

Sosial media üzərindən yayımlanan “Qərbi Azərbaycan” televiziyası yeni inzibati binaya köçüb. Bununla bağlı bu gün inzibati binanın açılışı olub.

News365.az  xəbər verir ki, açılış mərasimində tanınmış ictimai-siyasi xadimlər, ziyalılar və Qərbi Azərbaycan İcmasının üzvləri iştirak edib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan televiziyası son 200 ildə mərhələlərlə öz el - obasından deportasiya edilən soydaşlarımız, Qərbi Azərbaycanda məhv edilən irsimiz barədə həqiqətlərin çatdırılmasına, o cümlədən sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıdış uğrunda aparılan fəaliyyətə yaxından dəstək olmaqla, bütün işini bu istiqamətə kökləyib. Sədr əlavə edib ki, televiziyanın yeni istifadəyə verilən binası bu fəaliyyəti həyata keçirmək üçün bütün imkanlarla təchiz olunub. 

Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə çıxışında  televiziyanın fəaliyyətinə uğurlar diləyərək kanalın Qərbi Azərbaycanın zəngin irsinin, tarixinin, mədəniyyətinin təbliği baxımından da mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Açılışın rəmzi xarakteri olan qırmızı lent kəsildikdən sonra qonaqlar və media nümayəndələri bina ilə tanış olublar. 

Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr və  Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri, İcmanın sözçüsü Ülviyyə Zülfiqar jurnalistlərə açıqlamasında bildirib ki, bu açılış mərasimi ilə televiziyanın efir siyasəti də yenilənir. Belə ki, Televiziya həftədə 6 dəfə, 3 dəfə Azərbaycan, 3 dəfə rus dilində olmaqla 2 saat boyunca efir yayımlayacaq. Üstəlik həftə ərzində yarım saatlıq ingilis dilində icmal da nəzərdə tutulub. 

Televiziyanın ənənəvi verilişləri olan “Müzakirə vaxtı”, Xəbər buraxılışı, “İnsan Hekayəsi” kimi verilişlərlə yanaşı, Ümummilli lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı fəaliyyətinə dair “Ulu Öndər və Qərbi Azərbaycan”, Prezident İlham Əliyevin Qərbi Azərbaycana dair gördüyü işlərlə bağlı “Qərbi Azərbaycana doğru”,  Qayıdış Konsepsiyasına dair “Qayıdış haqqımızdır”, soydaşlarımızın başlarına gələn müsibətləri əks etdirən “İnsanlıq əleyhinə” o cümlədən Qərbi Azərbaycanın maddi və qeyri maddi – mədəni irsini özündə əks etdirən “Deportasiyaya uğrayan irs”, “Addım-addım Qərbi Azərbaycan”, “Ədəbi İrəvan”,  “Qərbi Azərbaycan Ləzzətləri” və sair kimi verilişlər də yayımlanacaq. 

O qeyd edib ki, televiziyanın binasında sözügedən verilişlərin çəkilməsi üçün müvafiq studiyalar və lazımi avadanlıqlar quraşdırılıb, yaradıcı heyətin fəaliyyət göstərməsi üçün geniş şərait yaradılıb. 

Qərbi Azərbaycan TV-nin Sosial Media hesabları aşağıdakılardır. 

1. Youtube: //www.youtube.com/@QerbiAzerbaycanTV/videos 

2. Facebook: //www.facebook.com/people/Q%C9%99rbi-Az%C9%99rbaycan-TV/100095259673458

3. İnstagram: //www.instagram.com/qerbi.aze.tv/ 

4.  Tik-tok: //www.tiktok.com/@qerbi.aze.tv   

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər