Politoloqdan təklif: Türkiyə ilə viza rejimi bərpa olunsun?

Politoloqdan təklif: Türkiyə ilə viza rejimi bərpa olunsun?
13:22

Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik münasibətləri fonunda iki ölkənin siyasi əlaqələri, qarşılıqlı etimad və milli təhlükəsizlik məsələləri yenidən müzakirə mövzusuna çevrilib. Türkiyədən Azərbaycana qarşı səsləndirilən ittihamlar və mümkün siyasi müdaxilələrlə bağlı iddiaları gündəmə gətirənlər bu məsələlərin ikitərəfli münasibətlərə təsirini də diqqətə çatdırırlar.

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında Türkiyə ilə viza rejiminin yenidən tətbiq olunması məsələsinin müzakirəyə çıxarılmasını təklif edib.


O bildirib ki, 1995-ci ilin martında Azərbaycanda Rövşən Cavadovun rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis Dəstəsinin qiyamı ilə bağlı Türkiyədəki bəzi şəxslərin və dairələrin mümkün iştirakı barədə iddialar tarixən müzakirə olunub.

Politoloqun fikrincə, Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin mövcudluğu tarixdən nəticə çıxarmağa və milli təhlükəsizliklə bağlı sualları diqqətdən kənarda qoymağa əsas vermir.

Turan Rzayev hazırda da səsləndirilən siyasi müdaxilə və çevriliş iddialarının ciddi yanaşma tələb etdiyini vurğulayıb. Onun qənaətinə görə, bu cür məsələlər qarşılıqlı etimadın hansı əsaslar üzərində qurulduğu barədə suallar yaradır.

Politoloq hesab edir ki, vizasız gediş-gəliş iki ölkə arasında münasibətlərin və etimadın göstəricilərindən biridir. Bununla belə, o, bu rejimin Azərbaycanın milli maraqları və təhlükəsizlik tələbləri baxımından yenidən nəzərdən keçirilməsinin mümkünlüyünü gündəmə gətirib.

Turan Rzayevin sözlərinə görə, Türkiyə ilə viza rejiminin yenidən tətbiqinin müzakirəsi qardaşlıq münasibətlərinə qarşı çıxmaq kimi qiymətləndirilməməlidir. O hesab edir ki, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmətlə yanaşı, suverenliyin və milli təhlükəsizliyin qorunması da əsas prioritetlərdən olmalıdır.

Politoloq vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətlərinin davamlılığı qarşılıqlı etimada, suverenliyə hörmətə və milli maraqların nəzərə alınmasına əsaslanmalıdır.


Sizin reklam burada
Sizin reklam burada