Ermənistanda qarşıdan gələn bələdiyyə seçkiləri ərəfəsində seçki qanunlarının pozulması məsələsi gündəmə gəlib. Baş nazir Nikol Paşinyan seçki saxtakarlığına qarşı şəxsən mübarizə aparacağını bəyan edib. O, qanunsuzluğa yol verən şəxslərin öz siyasi komandasından olması halında belə, onlara güzəşt edilməyəcəyini bildirib.
News365.az xəbər verir ki, Paşinyan sosial şəbəkədəki paylaşımında seçiciləri seçki prosesində üzləşdikləri təzyiq, qanun pozuntusu və rüşvət halları barədə ona və ya hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırıb.
Baş nazir bu istiqamətdə vətəndaşlardan müraciətlərin qəbul edildiyini də açıqlayıb. Onun sözlərinə görə, daxil olan müraciətlərdən biri əsasında aidiyyəti quruma araşdırma aparılması barədə tapşırıq verilib. Bununla belə, indiyədək çağırışa cəmi üç nəfər cavab verib.
Paşinyan seçicilərə müraciətində inzibati resurslardan istifadə edərək insanlara təzyiq göstərən, onları işdən çıxarmaqla hədələyən, işə qəbul vədi verən və ya səslərini pulla qazanmağa çalışan namizədlərə qarşı mövqe nümayiş etdirməyin vacibliyini vurğulayıb.
Baş nazir xüsusilə özünün rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyasının üzvlərinə münasibətdə də güzəştə getməyəcəyini bəyan edib.
“Əgər ‘Mülki Müqavilə’ partiyasından hər hansı namizəd belə davranarsa, onun əleyhinə səs verməyə çağırıram”, – Paşinyan bildirib.
Qeyd edək ki, 2026-cı ilin payızında Ermənistanda 46 icmada yerli özünüidarəetmə orqanlarına seçkilərin keçirilməsi nəzərdə tutulub. Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi təqvimə əsasən, səsvermələr sentyabrın 27-də, oktyabrın 25-də və noyabrın 29-da keçiriləcək.