Milli Qəhrəman komaya düşdü, Ailəsi müalicə üçün müraciət etdi

Milli Qəhrəman komaya düşdü, Ailəsi müalicə üçün müraciət etdi
22 Okt 2026 23:20

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi və Azərbaycanın Milli Qəhrəmanları Azərbaycanın Milli Qəhrəmanı Ehtiram İsrayıl oğlu Əliyevin səhhətinin ağırlaşması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər.

News365.az xəbər verir ki, ailəsinin verdiyi məlumata görə, Ehtiram Əliyev ağır vəziyyətdə “Yeni Klinika”ya yerləşdirilib. Səhhəti daha da pisləşdikdən sonra reanimasiya şöbəsinə köçürülüb. Onun vəziyyəti ailə üzvlərini, döyüş yoldaşlarını və Milli Qəhrəmanları dərindən narahat edir.


Müraciətdə Ehtiram Əliyevin Vətənin müdafiəsi zamanı göstərdiyi igidlik və fədakarlıq vurğulanıb. O, üzərinə düşən döyüş tapşırıqlarını şərəflə yerinə yetirərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Onun döyüş yolu Vətənə sədaqətin, cəsarətin və hərbi borca bağlılığın nümunəsi kimi dəyərləndirilib.


Müraciət müəllifləri dövlətin Milli Qəhrəmanlara, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiriblər. Onlar Ehtiram Əliyevin müalicəsinin xüsusi nəzarətə götürülməsini, zəruri tibbi imkanların səfərbər edilməsini və ailəsinə lazımi dəstəyin göstərilməsini xahiş ediblər.


Həmçinin ehtiyac yaranarsa, müalicəyə müvafiq sahələr üzrə ixtisaslı mütəxəssislərin cəlb olunması, həkimlərin rəyinə əsasən əlavə müayinə və müalicə tədbirlərinin təxirə salınmadan həyata keçirilməsi üçün köməklik göstərilməsi istənilib.


Müraciətdə Ehtiram Əliyevin bu çətin sınaqdan sağ-salamat çıxmasının onun döyüş yoldaşlarının və yaxınlarının ən böyük arzusu olduğu bildirilib, Milli Qəhrəmanın sağlamlığının bərpası üçün zəruri tədbirlərin görüləcəyinə ümid ifadə olunub.


Müraciət Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlının imzası ilə yayımlanıb.



Sizin reklam burada
Sizin reklam burada