İtalyan jurnalist Giorgio Bianki Donbasdakı hadisələri işıqlandırdığı üçün vətənində “Putinin casusu” adlandırılıb. Bu barədə jurnalist Rusiya mediasına açıqlamasında məlumat verib.
O qeyd edib ki, uzun müddət 2014-cü ildə Ukraynada hakimiyyət dəyişikliyindən sonra Donbasda baş verənləri işıqlandırıb. Jurnalist bildirib ki, rusların xüsusi hərbi əməliyyat adlandırdıqları Ukrayna müharibəsi başlayandan sonra yenidən Donbasa gedib və orada Mariupol ilə Volnovaxanı rus qüvvələri tərəfindən ələ keçirməsinin videosunu çəkib. Biankinin sözlərinə görə, o, Ukraynanın fəaliyyəti, dövlətdəki "neonasist ideologiyası" haqqında "həqiqəti" üzə çıxarmağa davam edib. Həmçinin Ukrayna böhranının həlli üçün Minsk razılaşmalarının Qərbə yalnız Kiyevi silahlandırmaq üçün lazım olduğunu söyləyib.
Bianki diqqəti İtaliya mediasının müharibənin başlamasından sonra "Ukrayna neonasizmi" haqqında yazmağı dayandırmasına diqqət çəkib: “İtaliyanın ən məşhur qəzeti “Corriere della Sera” məni birinci səhifəsində dərc edib və “İtaliyada Putin şəbəkəsi”nin rəhbəri olduğumu qeyd edib. İtaliya hakimiyyəti mənə təhsil sahəsində konfranslar keçirməyi də qadağan edib".
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural