“Korifey” kitabı Azərbaycan oxucularına təqdim olundu - FOTOLAR

“Korifey” kitabı Azərbaycan oxucularına təqdim olundu - FOTOLAR
11:44

Türk dünyasının ortaq ədəbi və mədəni irsinin tanıdılması istiqamətində daha bir nəşr Azərbaycan oxucularına təqdim olunub. Qazaxıstanın tanınmış yazıçısı, publisisti və dövlət xadimi Sauıtbek Abdrahmanovun müəllifi olduğu “Korifey” kitabı Azərbaycan dilində işıq üzü görüb.

Oktyabrın 21-də 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə nəşr olunan kitabın təqdimat mərasimi keçirilib.

Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, kitabın müəllifi Sauıtbek Abdrahmanov, eləcə də tərcüməçilər Xanım Aydın və Rəbiqə Nazimqızı iştirak ediblər.

Təqdimatda çıxış edən Aktotı Raimkulova nəşrin görkəmli qazax yazıçısı və ictimai xadimi Abiş Kekilbayevin zəngin ədəbi-mənəvi irsinin öyrənilməsi və təbliği baxımından əhəmiyyətini vurğulayıb.

Fond prezidenti kitabın Azərbaycan dilində nəşrinin türk xalqları arasında ədəbi-mədəni əlaqələrin möhkəmlənməsinə və ortaq irsin daha geniş auditoriyaya çatdırılmasına töhfə verəcəyini bildirib. O, nəşrin hazırlanmasında iştirak edən tərcüməçilərə təşəkkürünü çatdırıb.

Mərasimdə çıxış edən digər iştirakçılar da Abiş Kekilbayevin türk dünyasının ədəbiyyatında və ictimai fikir tarixində tutduğu mövqeyə toxunaraq onun yaradıcılığının əhəmiyyətindən danışıblar.

Kitabın müəllifi Sauıtbek Abdrahmanov əsərin ərsəyə gəlmə tarixindən, Abiş Kekilbayevin həyat və yaradıcılığından, qazax ədəbiyyatına və ictimai fikrin inkişafına verdiyi töhfələrdən bəhs edib. O, kitabın Azərbaycan dilində nəşrinin yazıçının irsinin daha geniş oxucu kütləsinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Tərcüməçilər Xanım Aydın və Rəbiqə Nazimqızı isə əsərin Azərbaycan dilinə uyğunlaşdırılması prosesi və nəşrin oxucular üçün əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan yeni kitabların təqdimat mərasimləri 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oktyabrın 26-dək davam edəcək.


Sizin reklam burada
Sizin reklam burada