“Azərbaycanda
qadınlarla kişilər arasında əmək haqqı fərqinin səbəbi gender ayrı-seçkiliyi
deyil, iqtisadiyyatın sektorlar üzrə spesifik xüsusiyyətləridir. Buna görə də
dünyanın elə bir ölkəsi yoxdur ki, orada qadınların orta aylıq əmək haqqı kişilərdən
yüksək olsun”.
Bunu News365.az –a söhbətində iqtisadçı
ekspert Eldəniz Əmirov deyib. O
bildirib ki, Azərbaycanda əmək bazarının
20 əsas sahəsindən 17-də kişilər daha çox paya malikdirlər:
“Belə
ki, kişilər işçi qüvvəsi kimi tikintidə 92%, mədən çıxarmada 90%, emal sənayesində
74%, maliyyə və sığorta fəaliyyətində 63% paya sahibdir. Qadınlar isə yalnız 3
sahə üzrə çoxluq təşkil edir. Bunlar təhsil 74%, əhaliyə səhiyyə və sosial xidmətlərin
göstərilməsi 78%, əyləncə və incəsənət sahəsində fəaliyyət 62%-dir. Elə bu sahələr
arası əmək haqqı fərqləri nəticədə qadınların orta aylıq əmək haqqının aşağı
olmasına səbəb olur.
Qeyd
etdiyim kimi, bütün ölkələrdə bu fərq mövcuddur. Bu fərq Avropada 10-20%,
Rusiyada 25%, Azərbaycanda isə təxminən 30 faizdir. Bu məsələdə Lüksemburq
dünyaya liderlik edir. Qadınlar və kişilər arasında əmək haqqı fərqi cəmi
0,2%-dir. Yəni kişinin hər 100 avro əmək haqqı qarşılığında qadın 99,8 avro
qazanır.
Bu
fakt, yuxarıda qeyd etdiklərimi bir daha təsdiq edir. Çünki Lüksemburqda
insanlar neft-qazda, tikintidə, ağır sənayedə çalışmır. Kiçik bir dövlət olan
Lüksemburq iqtisadiyyatında maliyyə xidmətləri, investisiya və kapital bazarı,
eləcə də turizm və təhsil kimi xidmət sektoru inanılmaz böyük paya sahibdir. Bu
sektorlarda isə kişilər kimi qadınlar da rahatlıqla bərabər çalışa bilirlər.
Başqa
sözlə, hansı ölkədə tikinti, neft-qaz, emal və digər ağır əmək tələb edən sahələr
üstünlük təşkil edirsə, orada bu əmək haqqı fərqləri daha çox olacaqdır. Çünki,
xanımlar zərif cinsin nümayəndələri olduqları üçün (yaxşı ki də bu belədir)
ağır əmək tələb edən işlərdə kişilər çalışacaq”.
News365.az