Həsən Bəsri deyirdi, bir adamı bir günahından dolayı ayıbladım. O günah 15 il sonra gəlib məni tapdı.
Həzrət Muhəmməd (sallallahu əleyhi və alihi və səlləm) buyurur ki, başqasını ayıblayan bir şəxs o ayıbla ayıblanmayınca ölməz.
"Gülmə qonşuna, gələr başına" məsəlindəki kimi din rişğənd, lağ etməyi, şantajı, şaiyəni, qiybəti, iftiranı, sui-zənn etməyi haram edir.
Qədim zamanlarda tanınmış bir alim bir məsciddə imamlıq edirmiş. Bir gün namaza gələnlərdən biri görür ki, həmin alim
məscidin ayaqyolusundan çıxdı, dəstəmaz almamış keçib camaata namaz qıldırdı. Bunu görən həmin şəxs gördüyünü digər namaz qılanlara danışır. Onlar da bütün şəhərə yayır, beləcə camaat alimdən uzaqlaşır və o təkcə qalıb hörmətdən düşərək şəhəri tərk edir.
Nəhayət bu məsələni aləmə yayan adamın özü uzun müddət sonra Məkkə ziyarətində olarkən xəstələnir və ona iynə vurulmalı olur. Həkim iynə vurandan sonra Kəbədə namaz vaxtı çatır, əzan oxunur. Həcc yoldaşlarından ayrılıb ayaqyoluna daxil olur ki, iynənin yerinə baxsın görsün qan çıxır yoxsa yox. (Çünki artıq miqdarda qan dəstəmazın pozur.) Görür yox, iynənin yeri qanamır və çıxır, yoldaşları ilə namaza gedərək təkbir alıb Kəbədə namaza durur. Fəqət bunun tualetdən çıxıb birbaşa namaza getdiyini Həcc yoldaşları görüb təəccüb edirlər. Özünə irad bildirmədən bir-birinə danışırlar, beləcə bu hadisə bütün zəvvarlara yayılır. Sabahı artıq hamı bu şəxsin riyakar və saxtakar olduğunu zənn edib ondan uzaqlaşır.
Adam bunun səbəbini araşdırır, axırda bir nəfər ona bildirir ki, sən bu qədər məsafə qət edib belə bir müqəddəs yerə gəlibsən, dəstəmazsız namaz qılırsan, ona görə hamı səndən uzaqlaşdı. Adam dərhal illər öncə eyni ayıbla ayıbladığı alimi xatırlayıb barmağını dişləyir.
Həcdən mürəxxəs olub halallıq almaq üçün başlayır şəhərbəşəhər soraqlaşaraq o alimi axtarmağa. Axırda Şamda sorağını alır, çatanda eşidir ki, o alim artıq vəfat edib. Haqqında maraqlanır ki, görsün kişinin aqibəti necə olub. Yerli camaat ona danışır ki, həmin alim vaxtilə burada adamların ayıblarını açıb ağardardı, bir gün də öz ayıbını açdılar və buradan getdi. Sonra eşitdik ki, orada da bunun ayıbını açıblar, yenidən qayıdıb gəldi Şama. Fəqət burada da üz göstərən, yaxınlıq verən olmadı, tək - tənha bir az yaşayıb öldü.
Belədə deyiblər ki, alim olmaq asandır, adam olmaq çətin...
Rəhmətlik Ədalət Nəsibov deyirdi ki, əgər birinə nahaqdan bir şillə vurubsansa, o nahaq şillə haçansa sənə də vurulacaq.
Sui-zənn etmək Quranda qadağan edilib. Qiybət edənlər lənətlənib. Şaiyə yayan, ayıb açan kafirdən də aşağı səviyyədə bəyan edilib.
Peyğəmbər bir savaşdan dönərkən həyat yoldaşı boyunbağısını itirdiyindən onu axtarmağa başı qarışıb karvandan geri qalır. Onu gəcavəsinin içində zənn edən müsəlmanlar yola düşürlər. Dəstəni arxadan müşaiyət edən bir səhabə Peyğəmbərin həyat yoldaşını tanıyır və onu gətirib karvana çatdırır.
Lakin sahahı münafiq və fitnəkar adamlar böhtan yaymağa başlayır. Bəzi müsəlmanlar da sui-zənnə qapılaraq bu söz - söhbətlərə uyurlar. Az qalır Peyğəmbərin ailəsi dağılsın.
Hətta Peyğəmbər özünə ən doğma bildiyi, vaxtilə oğulluğu olmuş Zeyd Harisə oğlu və əmisi oğlu Əli Əbu Talib oğlunu çağırıb məsləhətləşir. Birinci deyir, özünüz bilən məsləhətdir. İkinci isə təklif edir ki, bu qədər söz - söhbətə son qoymaq üçün boşaya da bilərsiniz.
Mədinə münafiqlərinin başçısı Abdullah Ubeyy oğlu Məkkədən hicrət edib Mədinədə üstünlüyü ələ almış müsəlmanları həzm edə bilmirdi və əlinə fürsət düşmüşdü, ona görə şər - böhtan yayırdı.
Peyğəmbər həyat yoldaşını atası evinə yollamışdı. Təqribən 6 aydan sonra ayə nazil olaraq qadının və onu gətirən səhabənin günahsız olduğunu elan etdi. Zina iddiası edən şəxsin də 4 şahid gətirməsini şərt qoydu. Böhtan yayanlar isə sərt tənqid edildi. Beləcə Peyğəmbər həyat yoldaşı ilə yenidən həyatına davam etdi. Amma...
Amma, bu böhtanın izi, yarası daha sonralar çox canları yandırdı, çox könülləri sındırdı. Peyğəmbərin vaxtilə məsləhətləşərkən əmisi oğlunun dediklərini də o zaman həyat yoldaşının qulağına çatdırmışdılar. Onun da acı nəticələrini sonralar müsəlmanlar yaşadı ...
Görün bir şaiyə, bir zənn, bir fitnə neçə əsrlik qana, fəsada, təfriqəyə səbəb oldu.
Allahın adlarından biri də "Səttar-əl uyub"dur. Yəni, ayıbları örtən. Əgər Allah kafir, azğın bəndələrinin bütün ayıblarını açsa idi dünyada abır, həya, ismət, qeyrət adında bir dəyər qalmazdı, hamı bir-birinə düşmən olardı. Ayıbları ona görə örtür ki, bəndəm haçansa anlayıb tövbə etsin. Əgər ayıblar açılsa tövbə edəndən sonra da onu keçmiş ayıbları ilə ayıblar, abrını tökərlər. Çünki Allah öz bəndlərini yaxşı tanıyır...
İndi isə, əsas da üç kitab oxuyub, dörd aydır namaza başlayanların çoxu özünü gözə soxmaq üçün başqalarında eyib, günah axtarırlar və gözləri nə gördü, qulaqları nə eşitdisə üstünə də beş artırıb danışırlar, sosial şəbəkələrdə yayırlar.
Mömin mömini ayıblamaz, ayıbını örtər və qardaşının xətasını düzəltməyə çalışar. Hətta nəsihəti, məsləhəti də elə nəzakətli, elə nəcib və həssas etməlidir ki, qarşıdakının şəxsiyyətinə, mənliyinə toxunmasın, ona ağır gəlməsin. Amma indi çoxu ayıb örtmür, nəsihət etmir, əksinə şərləyir, hələ etmədiyini də onun boynuna atır, şantaj edir, iftira yayır, sonra da saqqal saxlayıb altı barmağına səkkiz gümüş üzük taxdığı əlinə də yarım metrə təsbeh alıb biləyinə dolaya-dolaya deyir ki, mən möminəm...
Bəziləri də Əhli Beyt İmamlarının adına saxta hədislər uydurublar, guya onlar deyib ki, bizə müxalif olanları şərləyərək haqqında iftiralar, şayiələr yaya bilər, onların qiybətini edə bilərsiniz.
Bu, Əhli Beytin ali şəxsiyyətinə qarşı iftiradır, tamamilə böhtandır. Əvvəla Əhli Beyt heç zaman Quranın əksinə getməz. Peyğəmbərin də ənənəsində, həyatında rəqiblərə, hətta düşmənlərə qarşı belə hallara yol verilməyib. Batil yollarla haqqa çatmağı İslam haram edir.
Bu gün dindar, müsəlman cildinə girib saf adamları, ölkə ziyalılarını ləkələməyə çalışanların çoxu bu "hədisləri" əsas tuturlar.
Bir daha qeyd edirəm ki, İslam dini nəinki böhtan, iftira, şaiyəni, şantajı, təhqiri, hətta bir şəxsin barəsində sui-zənn etməyi də haram edir. Şübhəli bir şey haqda mənfi söhbət yaymaq bir yana qalsın, hətta mənfi düşünməyi də haram edir. Hüsni - zənn etməyi, müsbət, pozitiv düşünməyi əmr edir...
"Hucurat" surəsi 11-12 - ci ayələrdə buyurulur:
"Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır.
Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir."
Tural İrfan, İlahiyyatçı-yazar