Cənubi Qafqazda geosiyasi balansın dəyişdiyi bir dönəmdə regionu birləşdirən yeni nəqliyyat xəttləri artıq sadəcə logistik layihə deyil, dövlətlərin strateji yönümünü müəyyən edən əsas amillərdən birinə çevrilib. Xüsusilə Zəngəzur dəhlizi və TRIPP marşrutu kimi təşəbbüslər təkcə iqtisadi deyil, həm də siyasi inteqrasiyanın gələcək çərçivəsini formalaşdırır. Ermənistan rəhbərliyinin bu layihələrə dair son açıqlamaları isə bir daha göstərir ki, regionun inkişaf meyillərindən kənarda qalmaq mümkün deyil və yeni yaranan imkanları etiraf etmək artıq zərurətə çevrilib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu mövzu ilə bağlı News365.az-a fikirlərini bildirib.

"Ermənistan prezidentinin Zəngəzur dəhlizi və TRIPP marşrutu ilə bağlı səsləndirdiyi fikirlər, əslində, bu dəhlizin perspektivləri və regionun inteqrasiyası baxımından daşıdığı böyük potensialın etirafıdır. Zəngəzur dəhlizi təkcə Ermənistan–Azərbaycan xətti deyil. Həm Zəngəzur dəhlizi, həm də TRIPP marşrutu Çinlə Avropanı birləşdirən tarixi İpək Yolunun orta xəttinin mühüm seqmenti kimi çıxış edir və bütün ölkələr üçün yeni imkanlar açır."
Deputat həmçinin qeyd edir ki, Zəngəzur dəhlizinin açılması Rusiyanın da maraqlarına uyğundur:
"Bu dəhliz Rusiyanın da maraqlarına uyğun olaraq şərq istiqaməti üzrə yeni imkanlar formalaşdıracaq, eyni zamanda uzun müddətdir qeyd etdiyimiz Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərinin funksiyalarının bir hissəsini öz üzərinə götürəcək.
Hesab edirəm ki, Zəngəzur dəhlizi və TRIPP marşrutu iqtisadi müstəvidə bütün tərəflərə ciddi iqtisadi dividendlər qazandıracaq."