Xəbər verdiyimiz kimi son günlər yağan yağışlar Abşeron rayonunda ciddi problemlərə yol açıb. Beləki, Masazır qəsəbəsində və Xırdalan şəhərində bir çox əraziləri su basıb.
Nəticədə sakinlər üçün ciddi
problemlər yaranıb. Fövqəladə Hallar Nazirliyi məsələyə müdaxilə etsə də
problem tam həllini tapmayıb. Dekabrın 9-da görülmüş tədbirlər nəticəsində
subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 6-sı azyaşlı olmaqla
ümumilikdə 25 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi
işləri həyata keçirilib.
Lakin, bəzi küçə və evlər hələ də su
altındadır. Sakinlər problemlə bağlı dəfələrlə Abşeron rayon İcra Hakimiyyətinə
müraciət etsələr də nəticə yoxdur. İcra hakimiyyəti vəd verməklə işlərini
bitmiş hesab edir. Nəticədə sakinlər arasında sosial narazılıq güclənir. Yerli
icra strukturunun laqeyidliyi insanları daha yuxarı instansiyalara müraciət etmək
məcburiyyətində qoyur.
Sakinlərdən News365.az –a verilən məlumata görə bu dəqiqlələrdə onlar Abşeron rayon İcra Hakimiyyətinin qarşısına toplaşıblar. Onlar rayon rəhbərliyindən qəti tədbirlər görməyi tələb edir. Lakin, hələlik sakinləri razı salacaq bir hərəkət yoxdur.
Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan News365.az-a bildirildi ki, aidiyyatı təşkilatların nümayəndələri tərəfindən koordinasiyalı şəkildə müşahidə edilən su kütlələrinin müxtəlif vasitələrlə axıdılması istiqamətində tədbirlər həyata keçirilmiş və yağış sularının axıdılması həyata keçirilməkdədir.
Mövzunu diqqətdə saxlayacağıq.
News365.az