Emin Nəbili: Yeni hədəfimiz sağlam ailə modelinin təşviqidir

Emin Nəbili: Yeni hədəfimiz sağlam ailə modelinin təşviqidir
18 Okt 2026 19:00

“Sağlam ailə, Sağlam cəmiyyət” İctimai Birliyi cəmiyyətin sağlamlığının qorunması və ailə dəyərlərinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini yeni layihələrlə genişləndirməyə hazırlaşır. Təşkilatın yenilənən fəaliyyət strategiyası irsi xəstəliklərlə bağlı maarifləndirmə işlərini davam etdirməklə yanaşı, uşaqların və gənclərin sağlamlığı, sağlam həyat tərzi və sosial məsuliyyət kimi sahələri də əhatə edəcək.

News365.az. xəbər verir ki, bunu təşkilatın sədri Emin Nəbili bildirib.

Onun sözlərinə görə, ictimai birliyin əvvəlki fəaliyyətində irsi xəstəliklər barədə məlumatlılığın artırılması əsas prioritetlərdən olub. Bu məqsədlə müxtəlif bölgələrdə maarifləndirici tədbirlər keçirilib, əhalinin sağlamlıqla bağlı biliklərinin artırılmasına töhfə verməyə çalışılıb.

E.Nəbili qeyd edib ki, əldə olunan təcrübə sağlam cəmiyyətin formalaşdırılması üçün daha əhatəli fəaliyyət modelinə ehtiyac olduğunu göstərib:

“Məhz bu yanaşma təşkilatın adının və fəaliyyət istiqamətlərinin yenilənməsini zəruri edib”.

Təşkilat sədri vurğulayıb ki, yeni mərhələdə əsas məqsəd yalnız xəstəliklər barədə məlumat verməklə kifayətlənməmək, həm də sağlam ailə mühitinin formalaşmasına və insanların həyat keyfiyyətinin yüksəldilməsinə dəstək göstərməkdir.

“Adımızın dəyişməsi fəaliyyətimizin mahiyyətinə yeni baxışın ifadəsidir. Biz əvvəlki dövrdə qazandığımız təcrübəni qoruyaraq daha geniş auditoriyaya çatmağı və cəmiyyət üçün əhəmiyyətli təşəbbüslər həyata keçirməyi hədəfləyirik. Çünki sağlam cəmiyyətin əsası ailədə qoyulur. Ailədə sağlamlıq, düzgün həyat tərzi və maarifləndirmə nə qədər güclü olarsa, gələcək nəsillərin də sağlam böyüməsi üçün bir o qədər əlverişli şərait yaranar”, – deyə E.Nəbili bildirib.

Onun sözlərinə görə, irsi xəstəliklərlə bağlı maarifləndirmə təşkilatın fəaliyyətində mühüm yer tutmaqda davam edəcək. Eyni zamanda, uşaqların və gənclərin sağlamlığının qorunması, sağlam vərdişlərin təşviqi, ailə dəyərlərinin gücləndirilməsi və cəmiyyətdə sosial məsuliyyət hissinin artırılması üzrə yeni təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

E.Nəbili əlavə edib ki, qarşıya qoyulan hədəflərə çatmaq üçün maarifləndirici görüşlərin, sosial layihələrin və müxtəlif ictimai təşəbbüslərin təşkili planlaşdırılır. Bu istiqamətdə dövlət qurumları, təhsil və səhiyyə müəssisələri, eləcə də vətəndaş cəmiyyətinin digər nümayəndələri ilə əməkdaşlıq vacib amil hesab olunur.

“Əsas məqsədimiz sağlam ailə dəyərlərini, insanları sağlamlıq məsələlərinə daha həssas yanaşmağa təşviq etmək və bu sahədə ictimai fəallığı artırmaqdır. İnanırıq ki, birgə səylərlə sağlam gələcək naminə daha geniş təşəbbüslər reallaşdırmaq mümkündür”, – deyə təşkilat sədri fikrini yekunlaşdırıb.


Sizin reklam burada
Sizin reklam burada