Azərbaycanda fəaliyyət göstərən özəl klinikalardan birinin dövlətə vergi borcu yarım milyon manatı ötüb. Söhbət “Dünya Göz Azərbaycan” MMC-dən gedir.
News365.az-ın 32gun.az-a istinadən məlumatına görə, “Dünya Göz” klinikasının vergi borcu 589 min 736 manat 69 qəpik təşkil edir.
Məlumata əsasən, şirkətin qanuni təmsilçisi Adem Esgündür. “Dünya Göz Azərbaycan” MMC-nin nizamnamə kapitalı isə 10 min manatdır.
Diqqətçəkən məqamlardan biri də vergi borcunun bu həcmdə olmasına baxmayaraq, klinikanın ölkədə geniş auditoriyaya malik televiziya verilişlərində reklamının davam etməsidir.
Qeyd edək ki, “Dünya Göz” klinikası iş xanımı və sabiq müğənni Ruhi Əliyevanın rəhbərlik etdiyi “Liatris Holding”in tərəfdaşları sırasında yer alır.
Klinikanın vergi borcunun yaranma səbəbləri və borcun ödənilməsi ilə bağlı vəziyyət barədə əlavə məlumat verilməyib.