DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Biləsuvarda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
BDYPİ-dən News365.az-a verilən xəbərə görə, ötən gün, saat 19:00 radələrində Bəhramtəpə-Biləsuvar yolunun Qızılkənd kəndinin ərazisindən keçən 54-cü kilometrində İmişli rayon sakini Elvin Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində xəsarət alan sərnişin - sürücünün həmyerlisi 30 yaşlı Elnur Rüstəmov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü E.Məhərrəmovun vəziyyəti isə orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
İlkin ehtimala görə hadisənin baş verməsinə səbəb yüksək sürət və sürücünün ötmə əməliyyatını yerinə yetirərkən qaydalara riayət etməməsi göstərilir.
Baş Dövlət Yol Polisi İdarəsi sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları diqqət çəkdiyimiz faciəli hadisədən düzgün nəticə çıxarmağa, əməl etməyə borclu olduğumuz yol hərəkəti qaydalarına biganə yanaşmamağa, sükan arxasında məsuliyyətsizliyin hər an həyatımıza iztirab və peşmanlıq gətirə biləcəyini unutmamağa çağırır.
***
Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb. 1989-cu il təvəllüdlü Elvin Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi idarəetməni itirib və avtomobil aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin 1996-cı il təvəllüdlü Elnur Rüstəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü xəsarət alıb və İmişli rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.