Belçikada təhsil xərclərinin azaldılmasına qarşı keçirilən etiraz aksiyaları zamanı polis zorakılığı və irqçilik iddiaları gündəmə gəlib. Liyej şəhərində keçirilən nümayişdə iştirak edən tələbə polis əməkdaşlarının ona qarşı irqçi ifadələr işlətdiyini və fiziki güc tətbiq etdiyini iddia edib. Hadisə ölkədə etiraz aksiyalarının keçirildiyi bir vaxtda hüquq-mühafizə orqanlarının davranışı ilə bağlı müzakirələrə səbəb olub.
News365.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Belçikanın ictimai yayımçısı RTBF-nin məlumatına görə, hadisə oktyabrın 5-də Liyej şəhərinin mərkəzində baş verib.
Şəxsiyyətinin və ailəsinin təhlükəsizliyinin qorunması məqsədilə Anais təxəllüsü ilə təqdim olunan tələbə bildirib ki, o, təhsil xərclərinin azaldılması planlarına etiraz edən bir qrup şagirdlə birlikdə aksiyada iştirak edib.
Məlumata görə, əvvəlcə təhsil müəssisələrinin qarşısında aksiya keçirərək girişə mane olan tələbələr daha sonra şəhər mərkəzinə yollanıblar. Anais də təxminən 10 nəfərlə birlikdə bu aksiyaya qatılıb.
Tələbənin iddiasına əsasən, polis əməkdaşları qrup üzvlərinin xarici mənşəli olduğunu gördükdən sonra onları əhatəyə alıb və irqçi ifadələr işlədiblər.
“Bizi ‘çirkli ərəblər’ adlandırdılar və dəyənəklərlə vurdular”, – deyə Anais RTBF-yə bildirib. O, polis əməkdaşlarından birinin Asiya mənşəli olması ilə bağlı da təhqiramiz ifadə işlətdiyini iddia edib.
Tələbənin sözlərinə görə, polis əməkdaşları etirazçıları “vandallar” və “quldurlar” adlandıraraq onlara ölkələrinə qayıtmağı da deyiblər.
“Onlar bizi qorumalıdırlar, amma nəticədə baş verənlər bizim əleyhimizə olur”, – deyə Anais bildirib.
Liyej polis dairəsinin sözçüsü Jadranka Lozina iddia edilən ifadələrdən xəbərdar olmadığını bildirib. Bununla belə, o, polis əməkdaşlarının irqçi davranışının heç bir halda qəbul edilə bilməyəcəyini vurğulayıb.
“Şəraitdən asılı olmayaraq, polis müdaxiləsi zamanı irqçi ifadələrə yer yoxdur”, – deyə Lozina qeyd edib.
Anais hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi şikayət vermək niyyətində olmadığını açıqlayıb. O, hüquqi prosesin real nəticə verəcəyinə şübhə ilə yanaşdığını bildirib. Bununla belə, tələbə gələcəkdə də etiraz aksiyalarında iştirak etməyə davam edəcəyini deyib.
Liyej bələdiyyəsinin açıqladığı məlumatlara görə, tələbələrin nümayişləri və şəhərdə sonradan baş verən iğtişaşlar nəticəsində ümumilikdə 327 nəfər saxlanılıb.
News365.az