Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib.
News365.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayıb və haqqında yayılan iddiaları qəti şəkildə təkzib edib.
Bayhan Almaniyada uşaq evində qaldığını bildirib: “Hələ yetkinlik yaşına çatmadığım bir dövrdə ilk öyrəndiyim din xristianlıq, ilk tanıdığım peyğəmbər Həzrəti İsa olub. Həzrəti İsanı indi də çox sevirəm”.
Müğənni Almaniyadan Türkiyəyə qayıtdıqdan sonra Eskişehirdə yaşadığını və həmin vaxt təxminən 11-12 yaşlarında olduğunu da qeyd edib. Müsəlman olduğunu açıq şəkildə ifadə edən Bayhan “Mənim dinim İslamdır”, - deyib.
O, Türkiyəyə gəldiyi ilk illəri xatırlayaraq Eskişehirdə xalası ilə qaldığını və həmin dövrdə məscidə getdiyini söyləyib.