Azərbaycanda payız istiləri davam edəcək?

Azərbaycanda payız istiləri davam edəcək?
12:30

Payız gəlsə də, havanın hələ də yay fəslini xatırlatması Azərbaycanda mövsümi dəyişiklikləri yenidən gündəmə gətirib. Oktyabr ayında temperaturun iqlim normasından yüksək olması, gündüzlər isti, gecələr isə nisbətən sərin havanın müşahidə edilməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar doğurur. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, ayrı-ayrı isti günlərə adi hava hadisəsi kimi yanaşmaq mümkün olsa da, belə vəziyyətlərin tezliyinin artması daha geniş iqlim proseslərinin göstəricisi ola bilər.

Ekoloq Rövşən Abbasov News365.az-a müsahibəsində bildirib ki, son illərdə sentyabr və oktyabr aylarında temperaturun uzun müddət yüksək qalması qlobal iqlim dəyişiklikləri fonunda qiymətləndirilməlidir.


Onun sözlərinə görə, oktyabr ayında havanın temperaturunun bir sıra günlərdə iqlim normasını üstələməsi, bəzi hallarda fərqin 5 dərəcəyə çatması diqqət çəkən məqamlardandır. Bu tendensiyanın qarşıdakı onilliklərdə də davam etməsi mümkündür.

Ekoloq hesab edir ki, mülayim və günəşli payız günləri özlüyündə təhlükəli hava şəraiti sayılmır. Lakin temperaturun qısa müddətdə kəskin dəyişməsi insan orqanizminin mövsümə uyğunlaşmasını çətinləşdirə, bəzi xəstəliklərin yaranması və ya kəskinləşməsi üçün əlverişli şərait formalaşdıra bilər.

Rövşən Abbasov qeyd edib ki, payızda havanın isti keçməsini yalnız iqlim dəyişikliyi ilə əlaqələndirmək də düzgün olmazdı. Belə ki, payız fəslində mülayim və günəşli günlərin olması təbii haldır. Bakıda temperaturun 23-28 dərəcəyə yüksəlməsi də ayrı-ayrı günlərdə müşahidə edilə bilər. Əsas məsələ bu cür hava şəraitinin nə qədər tez-tez təkrarlanması və uzun müddət davam etməsidir.

Ekoloqun fikrincə, konkret bir gündə qeydə alınan temperatur anomaliyasını birbaşa iqlim dəyişikliyinin nəticəsi kimi təqdim etmək elmi baxımdan doğru deyil. Bununla belə, qlobal istiləşmə bir sıra ekstremal hava hadisələrinin başvermə ehtimalını, intensivliyini və müddətini artıra bilər.

Güclü yağışlar, sel və quraqlıq təhlükəsi artır

Rövşən Abbasovun sözlərinə görə, iqlim dəyişiklikləri təkcə temperatur göstəricilərinə təsir etmir. Yağıntıların xarakterində baş verən dəyişikliklər də ciddi narahatlıq doğurur. Ümumi yağıntı miqdarı azalsa belə, yağışların qısa müddətdə və daha intensiv şəkildə düşməsi daşqın və sel riskini artıra bilər.

Ekoloq bildirib ki, atmosfer temperaturunun yüksəlməsi suyun buxarlanmasını sürətləndirir. İsti hava daha çox rütubət saxlaya bildiyindən müəyyən şəraitdə güclü yağıntıların yaranması üçün əlverişli mühit formalaşır. Nəticədə qısa müddətdə normadan artıq yağışın yağması dağlıq ərazilərdə dağıdıcı sellərə, digər bölgələrdə isə daşqınlara səbəb ola bilər.

O, yay aylarında yüksək temperatur və quraq hava şəraitinin də əlavə risklər yaratdığını vurğulayıb. Xüsusilə meşəlik və dağlıq ərazilərdə yanğın təhlükəsi artır, uzunmüddətli quraqlıq isə bitki örtüyünə və meşələrin özünübərpa imkanlarına mənfi təsir göstərir.

İqlim niyə əvvəlkindən daha sürətlə dəyişir?

Ekoloq diqqətə çatdırıb ki, iqlim Yer tarixinin müxtəlif dövrlərində təbii səbəblərdən dəyişib. Ancaq müasir dövrdə müşahidə olunan sürətli dəyişikliklərdə insan fəaliyyətinin təsiri mühüm rol oynayır.

Onun sözlərinə görə, əhalinin artması, meşələrin qırılması, təbii ərazilərin məhv edilməsi və sənaye fəaliyyətinin genişlənməsi iqlim sisteminə təzyiqi artırır. Yanacaqdan istifadə nəticəsində atmosferə buraxılan istixana qazları da qlobal temperaturun yüksəlməsinin əsas səbəbləri sırasındadır.

Rövşən Abbasov vurğulayıb ki, keçmişdə də iqlim dəyişiklikləri baş versə də, müasir dövrdə bu proseslərin sürəti və insan fəaliyyəti ilə əlaqəsi xüsusi diqqət tələb edir.

Ekoloqun fikrincə, temperatur anomaliyaları, intensiv yağıntılar, quraqlıq və meşə yanğınları kimi hadisələrin risklərini azaltmaq üçün ətraf mühitin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirləri gücləndirilməlidir.


Sizin reklam burada
Sizin reklam burada