ABŞ dəniz piyadalarını Okinavadan Quama köçürür

ABŞ dəniz piyadalarını Okinavadan Quama köçürür
16:56

ABŞ Silahlı Qüvvələrinin Yaponiyadakı komandanlığı dəniz piyadalarının bir hissəsinin bu ölkənin Okinava adasından Sakit okeanda Vaşinqtona məxsus Quam adasına köçürülməsinə başlandığını elan edib.

News365.az xəbər verir ki, komandanlığın yaydığı açıqlamada ilk 100 dəniz piyadasının oraya yola düşdüyü bildirilib.

Ümumilikdə Quama 4 mindən çox hərbçinin köçürülməsi nəzərdə tutulur. Hazırda Okinavada 19 minə yaxın amerikalı dəniz piyadası yerləşdirilib.

Onların qismən Quama köçürülməsi planı hələ 2012-ci ildə razılaşdırılsa da, onun icrası daim təxirə salınıb. Dəniz piyadalarının bu adada yerləşdirilməsi üçün Yaponiya tərəfinin vəsaiti hesabına xüsusi baza tikiləcək. Tikinti işləri təxminən 2026-cı ilə qədər tam başa çatacaq.

Yaponiyadakı ABŞ hərbi obyektlərinin böyük hissəsi Okinavada cəmləşib ki, bu da yerli əhalinin narazılığına və tez-tez insidentlərin baş verməsinə səbəb olur. Elə bu həftə Okinavada məktəbli qızı oğurlayaraq zorlamış ABŞ hərbçisi beş il müddətinə azadlıqdan məhrum edilib.


Youtube kanalımız