Darya Qrevsova :" Rusiya 2066-cı ilə qədər Suriyada qalmalıdır"

Darya Qrevsova :" Rusiya 2066-cı ilə qədər Suriyada qalmalıdır"
11 Dek 2024 11:22

"Suriyada baş verənlər, doğrudan da, heç kimin gözləmədiyi bir hadisə idi və heç kim  HTŞ-nin (Heyət Tahrir əl-Şam) qələbəsini proqnozlaşdırmamışdı. Hazırda onların Suriyada hakimiyyətə gəlməsi Yaxın Şərq regionundakı vəziyyətin dəyişəcəyini göstərir. Güc balansı da, təbii ki, buna uyğun olaraq dəyişikliklərə məruz qalacaq. Bu vəziyyəti bir neçə tərəfdən nəzərdən keçirmək istərdim: dünyada qlobal oyunçuların təsiri və Suriyanı əhatə edən qonşu dövlətlərin təsiri."

Bu sözləri news365-ə xüsusi müsahibə verən  rusiyalı politoloq Darya Qrevsova bildirib. O, qeyd edib ki, ABŞ Suriyada əhəmiyyətli  rol oynayacaq. Onların Suriyada hərbi bazaları var və öz maraqları mövcuddur: 

"Təbii ki, ABŞ oradan geri çəkilməyəcək, üsyançılarla razılıq əldə etməyə və dialoq aparmağa çalışacaq. Onlar bunu digər ölkələrdə də etmişdilər. Lakin vəziyyət qeyri-müəyyəndir və yeni liderlərin konkret olaraq necə davranacağını hələ başa düşmək çətindir. Amma Suriyada  mövcudoyunçuların əsas rollarını davam etdirəcəyini söyləmək mümkündür.

Bölgədə mühüm rol oynayacaq ölkə  Türkiyədir. Türkiyənin Suriyada təsiri böyükdür. Türkiyə öz təsir dairələrini qorumaqda maraqlıdır. Bu, həm də kürd məsələsi ilə bağlıdır. Ərdoğan uzun müddətdir bu məsələni həll etməyə çalışır. Üsyançılar əvvəl İdlibdən irəliləyirdi. Şübhəsiz ki, onların protürk qüvvələrlə əlaqələri mövcuddur. Türkiyə ilə müəyyən razılaşmaların olduğu ehtimal edilir. Bundan başqa, Türkiyə üçün Suriyadan köçkünlərin geri qaytarılması da vacib bir məsələdir. Ərdoğan, münaqişə zamanı – 10 ildən çoxdur Türkiyəyə köçən suriyalı qaçqınları geri qaytarmaq istəyir və bu məsələni yeni hakimiyyətlə müzakirə etmək Ərdoğan üçün mühüm bir məsələ olacaq."

Politoloq bildirib ki, qaçqınlar məsələsi Aİ-da narahat edir. Suriyada baş verən hər hansı bir hadisə nəticəsində Avropaya qaçqın axını yaranarsa, bu, Avropa üçün  problem olacaq. Üstəlik, Suriyanın bərpası məsələsi də mövcuddur. İqtisadiyyat baxımından, Avropa İttifaqı Suriyanın infrastrukturunun bərpasında təsirli rol oynaya bilər.

Ekspertin fikrincə regional olmayan daha bir oyunçu qüvvə Rusiyadır. Rusiya Suriyadakı bütün hadisələrdə iştirak etmişdir: 

"Hazırkı vəziyyət  Rusiya üçün böyük maraq doğurur, xüsusən  yeni Suriya hökuməti ilə münasibətlərin necə qurulacağı məsələsi. Yeni hakimiyyətin Rusiya hərbi bazalarını və diplomatik idarələrini qorumaq barədə göstəriş verdiyi məlumdur. Bu, müəyyən bir razılığın mövcud olduğunu göstərir. Ancaq bu razılığın nə qədər dərin olacağını zaman göstərəcək."

Qrevsova bölgədə fəal şəkildə təsir göstərməyə çalışan İsrailin və İranın  xüsusi rol oynayacağını deyib.

"İran da mühüm qonşu ölkədir. Yeni hakimiyyətin nə qədər dini baxımdan radikal olacağı İranla münasibətlərin necə inkişaf edəcəyinə təsir göstərəcək."


Bundan sonra nələr olacaq sualına cavab verən ekspert qeyd edib ki,heç kim bilmir ki, Əsəd rejimi devrildikdən sonra Suriya nə qədər azad olacaq. Yeni hakimiyyətin nə qədər radikal və ya nə qədər mülayim olacağını isə indidən söyləmək çətindir: 

"Amma hazırda onların atdıqları addımlara baxaraq ümid etmək olar ki, vəziyyət tamamilə pis olmayacaq və onlar mülayim İslam prinsiplərinə əməl edəcəklər. Hazırda  hərbi komendantlıq xristian konfessiyalarının başçıları ilə görüşərək onları dəstəkləyib və onlara qarşı heç bir təqibin olmayacağını bildirib. Bu, çox mühüm bir mesajdır.

Eyni zamanda, onlar qadınlara hicabsız gəzmək imkanı tanıdı, bu da radikal islamçılar tərəfindən ediləcək bir şey deyildi. Amma bu yalnız indiki dövrdə ola bilər. Ola bilsin ki, sonradan qaydalarını və qanunlarını sərtləşdirərlər. Biz həmçinin müşahidə edirik ki, onlar hazırkı baş nazir ilə danışıqlar aparıb və o, hakimiyyətin yeni rəhbərliyə sülh yolu ilə təhvil veriləcəyini vəd edib. Üstəlik, Əsəd dövründə olan bəzi məmurların öz vəzifələrində qalması barədə razılıq əldə edilib. Bu isə onların daha dünyəvi bir cəmiyyət qurmağa çalışdıqlarını, digər ölkələrlə əlaqələr qurmaq və dünya siyasi elitasına daxil olmaq istədiklərini göstərir."

Rusiyanın hərbi bazaları ilə bağlı fikrini bildirən politoloq deyib ki, hazırda heç bir konkret bəyanat yoxdur. Nə Rusiya, nə də Suriya tərəfindən dəqiq bir açıqlama verilməyib. 

"Yalnız bilirik ki, Suriya rəhbərliyi həmin bazaları qorumağı, onları dağıtmamağı və ya ələ keçirməməyi əmr edib. Bu vəziyyət nə qədər davam edəcək? Axı bu bazalar 2066-cı ilə qədər fəaliyyət göstərmək üçün nəzərdə tutulub. Əgər bu bazalar yeni hakimiyyət üçün ciddi maneə yaratmazsa, çox güman ki, onlar fəaliyyətlərini davam etdirəcəklər. Rusiya üçün bu bazalar olduqca vacibdir, çünki onlar Aralıq dənizinə çıxış və hərbi aviasiya uçuşları üçün imkan yaradır. Buna görə də, Rusiyanın həmin bazaları saxlamaq üçün yeni Suriya rəhbərliyi ilə razılığa gəlməsi ehtimalı yüksəkdir. Amma, çox güman ki, bu fəaliyyət artıq Əsəd dövründə olduğu formatda olmayacaq. Yenə də bazalar fəaliyyət göstərəcək və rus hərbi kontingenti orada qalacaq."

Rusya -Ukrayna savaşına bu bazaların necə təsiri ola bilər sualına cavab verən ekspert bildirib ki,  Rusiya həmin bazalardan öz hərbi qüvvələrini çıxararsa, bu, Rusiya Silahlı Qüvvələrinin yalnız 1%-ni təşkil edəcək və buna görə də Ukrayna ilə müharibədə hər hansı əsaslı bir dönüşə səbəb olmayacaq. 

"Amma bu hərbçilər olduqca təcrübəli olduqları üçün Ukrayna cəbhəsindəki qüvvələri bir qədər gücləndirə bilərlər. Əgər onlar bir neçə il ərzində Suriyada döyüşmüşlərsə, artıq döyüş qanunlarını yaxşı anlayır və geniş təcrübəyə sahibdirlər. Belə insanlar, əlbəttə ki, yüksək dərəcədə tələb olunur. Bir çox rusiyalı vətənpərvərlər sevinirlər ki, nəhayət, Rusiya uzaq sahillərə diqqət yetirməyi dayandıracaq və buradakı məsələlərə fokuslanacaq. Çünki bu, əsas vəzifədir. Rusiyanın resurslarını yaymaması və birbaşa olaraq ehtiyac olan yerdə - Ukrayna cəbhəsində işləməsi lazımdır. Bu hərbi qulluqçular, ehtiyac olarsa, mütləq Ukrayna cəbhəsində döyüşmək üçün səfərbər ediləcəklər."



Qrevsova sonda bildirib ki, hələlik Suriyada sabit bir vəziyyətin yaranıb-yaranmayacağını söyləmək çətindir, çünki biz hələ tam formalaşmış siyasi struktur və ya lider görmürük. Təəssüf ki, sabitlik daha çox xalqın ehtiyacıdır, lakin hazırda xalqın fikrini soruşmayacaqlar və regionda təsir uğrunda mübarizə davam edəcək. Bu isə Suriya üçün siyasi və iqtisadi baxımdan qeyri-sabit bir dövrün hələ uzun müddət davam edəcəyini göstərir. Digər ərəb ölkələrinin – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və başqalarının reaksiyası isə dəyişkən ola bilər. Onlar əvvəlcə Əsəd hökumətinə qarşı idilər, lakin sonradan əməkdaşlıq etməyə başladılar. Yəqin ki, yeni Suriya hökuməti ilə də əlaqələr qurmağa çalışacaqlar.

Səbinə Əlizadə News365.az


Youtube kanalımız