3 metro stansiya ətrafında sıxlıq azalacaq: İşlər nə yerdədir?

3 metro stansiya ətrafında sıxlıq azalacaq: İşlər nə yerdədir?
15:27

Bakıda "Gənclik", "Nərimanov" və "Koroğlu" metro stansiyaları ətrafında nəqliyyat sıxlığının azaldılmasına xidmət edəcək yeni avtomobil yolunun tikintisi davam etdirilir.

Bu barədə News365.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, söhbət Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər inşa edilən 3,9 kilometr uzunluğunda avtomobil yolundan gedir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilən layihənin əsas məqsədi paytaxtın mühüm nəqliyyat arteriyaları arasında alternativ əlaqə yaratmaq, avtomobil axınını daha səmərəli bölüşdürmək və mövcud yolların yükünü azaltmaqdır.

Yeni yolun istifadəyə verilməsi ilə Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyatın hərəkətinin yaxşılaşdırılması, eləcə də "Gənclik", "Nərimanov" və "Koroğlu" metro stansiyaları ətrafında sıxlığın azalması gözlənilir.

Layihə çərçivəsində 5 yol qovşağının, 4 tunelin və 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulub.

AAYDA-nın məlumatına görə, hazırda layihə üzrə ümumi tikinti işlərinin 62,8 faizi icra olunub. Tunellərdə işlərin 66,46 faizi, yeraltı piyada keçidlərində isə 82 faizi tamamlanıb.

Bununla yanaşı, kommunikasiya xətlərinin köçürülməsi və yolun tikintisi ilə bağlı digər işlər davam etdirilir.

Yeni avtomobil yolu paytaxtın müxtəlif istiqamətləri arasında hərəkət imkanlarını genişləndirməklə yanaşı, mövcud küçə-yol şəbəkəsində nəqliyyat axınının daha səmərəli idarə olunmasına şərait yaradacaq.

Layihə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində icra olunur.


Sizin reklam burada
Sizin reklam burada