Azərbaycan- Çin iqtisadi münasibətləri nələr vəd edir?

Paylaşın

Müstəqilliyin ilk illərindən etibarən inkişaf etməyə başlayan Azərbaycan və Çin münasibətləri, xüsusilə də iqtisadi sferada əhəmiyyətli yol qət edib. Bu da Çin hökumətinin həyata keçirdiyi yumuşaq güc siyasətindən qaynaqlanan, iqtisadi maraqları özündə əks etdirən yanaşmadan irəli gəlir. Azərbaycan iqtisadiyyatının ilk dövrlərində alıcılıq gücünün zəif olması səbəbindən Çin məhsullarının bazara daxil olması imkanları geniş oldu. Çin bu imkanlardan yararlandı. 2022-ci ildə iki ölkə arasında təxminən 2,2 milyard ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi olub. Dövriyyənin 90 faizi Çindən Azərbaycana idxal edilən məhsulların payına düşür. Bu da Azərbaycana idxal olunan məhsulların 14 faizdən çoxunu təşkil edir.

News365.az saytına açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirir ki, son illərdə Azərbaycanın qeyri-neft məhsullarının Çinə idxalında pozitiv dinamika müşahidə olunur:

“Xüsusilə də spirtli içkilər və digər uzunmüddətli saxlama imkanı verən məhsullar Çin bazarlarına çıxarılması üçün işlər görülür. Hazırda İpək Yolu üzərində yerləşən Azərbaycan yükdaşımalar üçün əlverişli imkanlar yaradır. Bu da Çinlə əməkdaşlığın yeni imkanlarını formalaşdırmağa imkan verir. Bu nəqliyyat potensialı düzgün istifadə edildikdə məhsulların Avropa bazarlarına tez çıxarılması imkanı yaradır. Bu da müasir dövrdə vaxtın əhəmiyyəti tərəfindən vacib faktordur. İşğaldan azad olunan ərazilərin bərpasında Çin investisiyasına maraq var. Çin bu sahədə də təşəbbüskarlıq göstərir. Bu təşəbbüs Azərbaycan üçün avantaja çevrilə bilər. Çin məhsullarının Azərbaycanda istehsal olunaraq Avropa bazarlarına çıxarılması da gələcəkdə təmin edilə bilər”,-deyə iqtisadçı qeyd edib.