Fransa xarici işlər naziri Katrin Kolonna parlamentdəki çıxışında Laçın yolunun ” blokadada” olduğunu və Qarabağdakı ermənilərin humanitar – iqtisadi böhran qarşısında olmasını bildirib. Fransa rəsmisi Azərbaycandan Laçın yolunun açılmasını tələb edib, apreldə həm Bakıya, həm də İrəvana səfər edəcəyini qeyd edib.
News365.az xəbər verir ki, siyasi şərhçi Akif Nağının fikrincə, Fransa rəsmisi danışıq üslubuna diqqət etməlidir:
” Əgər Fransa xarici işlər naziri məsələni nizama salmağa gəlirsə, o, hökmlə danışmalı deyil. O, tərəfləri dinləməlidir. Təhlili varsa, təhlil verməlidir. Görünür, Fransanın özləri ilə bağlı fikirləri çox yüksəkdir. Fransanın nə Avropada, nə də Cənubi Qafqazda elə xüsusi çəkisi yoxdur. Onun sözü keçmir. Minsk qrupunun həmsədri kimi də heç bir iş görə bilmirdi”.
Siyasi şərhçi bildirir ki, Fransalı nazir Rəsmi Bakı ilə görüşdən əvvəl səsləndirdiyi fikirlərə aydınlıq gətirməlidir:
“Fransa Azərbaycana necə ” salam” deyirsə, elə də qarşılıq almalıdır. Fransanın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunmalıdır. Səfirdən Fransa xarici işlər nazirinin açıqlamasına aydınlıq gətirməsi tələb olunmalıdır. Fransa erməni yalanlarına inanırsa, Azərbaycanı haqsız hesab edirsə, onun gəlməsinə ehtiyac yoxdur. Azərbaycan xarici işlər naziri onu qəbul etməməlidir”,- deyə siyasi şərhçi vurğulayır.
Ləman Şərifova