“Etimad edirik. Ümid edirik ki, onu doğruldacaqsız”

Paylaşın

Bu gün Canni De Byazinin rəhbərlik etdiyi yığmamız AÇ-2024-ün seçmə mərhələsində mübarizəyə start verir. İtalyan mütəxəssis və komandamıza tam etimadımı bildirmək istəyirəm. Tənqid, tənbeh, çətin sözlər nə var, hamısını demişik. Yəqin ki, yenə də deyəcəyik. Amma indi – ən azından ilk matçın final fitinə qədər etimad göstərməli, bəyan etməliyik, edirik də. Səbəb isə çox sadədi: bu, bizim millimizdi!

Bunu news365.az-a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirib.

Hamımız bilirik ki, qrup ağırdı, rəqiblər bizdən güclüdülər, burda ən üst pilləyə iddia etmək yersizdi. Ancaq onu da bilirik ki, bu yığma heyət olaraq çox yaxşıdı, yaxşı idarə olunsa, fokus çıxarılmasa, adam kimi futbol oynamağa, döyüş, mübarizə göstərməyə qadirdi. Yetər ki, özümüz öz təkərimizə çomaq soxmayaq. Eşidirsən, Canni müəllim? Sən (Paris cəbhəsi də həmçinin) mane olma, hər şey yaxşı olacaq.

Bu milli bizimdi. 90 dəqiqə ərzində onun yanında olmaq, qələbəsini arzulamaq bizim mənəvi borcumuzdu. Başında kimin olmasından asılı olmayaraq bunu edəcəyik. Qalanı meydana çıxanlar və çıxaranlarlıqdı. Çıxın, normal futbol oynayın, bilək, hiss edək ki, o müqəddəs formanın haqqını verirsiz. Bunu bizə hiss etdirin, bəsimizdi.

Etimad edirik. Ümid edirik ki, onu doğruldacaqsız.” Deyə K.Məstəliyev vurğulayıb.

 

K.H

News365.az