Solaxaylıq baş – beynin sol yarımkürəsinin funksional zəifliyi ilə bağlı olur. Bu zəifliyi sağ yarımkürə öz üzərinə götürür. Solaxaylıq meyli genetik olur. Əgər hər iki valideyn solaxaydırsa, 50 faiz ehtimalla uşaq da solaxay olur. Valideynlərdən birinin solaxay olması ehtimalı 17 faizə endirir. Valideynlərdən heç biri solaxay deyilsə, övladın solaxay olma ehtimalı 2 faizə düşür.
News365.az xəbər verir ki, defektoloq – loqoped Şəhla Əliyevanın sözlərinə görə, solaxaylıq irsidir və solaxaylığı körpəlikdən müəyyən etmək olar:
“Solaxaylıq, əsasən, ata tərəfdən keçir. Babada, atada solaxaylıq varsa, uşağa da irsi yolla keçə bilər. Uşağı üzü üstə uzandırırıq. Uşağı sağ tərəfə çevirərkən uşaq sol tərəfə meyillilik göstərirsə, deməli uşaqda solaxaylıq var. Solaxaq uşaqları sağ əllə yazmağa məcbur etdikdə uşaq travma alır. Bu zaman uşaq sağ ya sol əllə hərəkət etməli olduğunu müəyyən edə bilmir. Bu kəkələmə və tənbəlliyin yaranmasına gətirib çıxara bilər. Ona görə də övlad solaxaydırsa, onu sağ ələ keçirməyin”.