Uşağa düzgün davranış qaydalarını necə öyrətmək lazımdır?

Paylaşın

Uşaqlar bəzən həddən artıq aktivlik göstərir, valideynin nəzarətindən çıxır və xoşagəlməz davranışlar sərgiləyirlər. Uşaqların bu davranışları onlara zərər vura bilər və ya ətrafdakıları narahat edir. Bu zaman valideynlər ani əsəb reaksiyası göstərə bilirlər. Lakin uşaqlar həssasdırlar və valideynin onları düzgün istiqamətdə yönəltmək istədiyini anlamaya bilərlər. Uşağa düzgün davranış qaydalarını necə öyrətmək lazımdır?

News365.az xəbər verir ki, uşaq psixoloqu Aygül Məlikovanın sözlərinə görə, uşağın davranışları qəsdən edib – etmədiyini müəyyən etmək lazımdır:
” Uşaqların çoxunda davranış analizi zəifdir. Yəni uşaq etdiyi davranışın fərqində deyil. Ümumiyyətlə, davranış pozuntularını iki hissəyə ayırırıq. Dağıdıcı davranış pozuntusu və sadəcə davranış pozuntusu. Bunların fərqi odur ki, birində uşağın məqsədi sırf valideyni günahlandırmaq, digərində isə etdiyi davranışın fərqində olmaması, bəzən də bunu məqsədli şəkildə istifadə etməsi ilə bağlıdır”.
Psixoloq qeyd edir ki, uşaqlar sözə baxmayanda əvvəlcə etdiyi davranış barədə onlarla danışıq aparmaq, onları başa salmaq lazımdır. Əgər bu nəticə vermirsə, bihevioral cəza tətbiq edə bilərlər.
Cəza olaraq uşağı kimləsə müqayisə etmək, döymək, küncə qoymaq düzgün deyil. Uşaqları polis, həkim, və ya ” xortdan” kimi sözlərlə qorxutmaq da onlarda gələcəkdə assosiallıq yarada bilər. Psixoloqlar cəza olaraq dağıtdığı otağı yığışdırmağı və ya yazdığı divarı silməyi misal göstərirlər. Uşağın tərbiyəsində heç bir zaman fiziki cəza, təhqir etmə, ələ salma olmamalıdır.