Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib. BCM Ukraynadakı müharibə kontekstində iki nəfərin – Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin və Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.
News365.az xəbər verir ki, beynəlxalq hüquq üzrə ekspert Rahim Məmmədovun sözlərinə görə, cinayət törətmiş şəxsin imtiyazlı olması onun mühakimə olunmasının qarşısını ala bilməz:
” Rusiya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Dünyada sülhə töhfə verməli olan dövlətlərdən biri olsa da, Rusiya Ukraynada müharibə cinayətləri törədir. Beynəlxalq Cinayət Məhkəməsinin qərarı həm də siyasi qərardır. Bu qərarla Vladimir Putinin digər dövlətlərə rəsmi səfərlərinin qarşısına sədd çəkildi. Beynəlxalq Cinayət Məhkəməsi beynəlxalq səviyyədə fəaliyyət göstərir. Beynəlxalq cinayət törətmiş şəxsin dövlət başçısı olması onun mühakimə olunmasına maneə ola bilməz. Düşünürəm ki, gec- tez ədalət öz yerini tapacaq”.