1943-cü ilin yayında amerikan-ingilis qüvvələri Siciliyaya qoşun çıxarmağa hazırlaşırdılar. Bu zaman almanları aldatmaq üçün “Mincemeat” (Ət farşı) adlı dezinformasiya əməliyyatı həyata keçirilir.
Xəstəlikdən ölmüş birisinə ingilis mayor forması geydirilərək sualtı qayıqla İspaniya sahilləri yaxınlığına atılır. Daha da inandırıcı olması üçün Britaniya hökuməti İspaniyaya müraciət edərək ölkə sahilləri yaxınlığında aviaqəza zamanı həlak olan zabitin cəsədinin qaytarılmasını xahiş edir. Bundan əlavə, Tayms qəzetində mayor W. Martinin aviaqəza nəticəsində həlak olması barədə informasiya gedir.
Mərhumun qoluna qandalla bərkidilmiş çantada “tam məxfi” qrifi ilə sənədlər vardı. Bu sənədlərdə müttəfiqlərin guya Yunanıstana qoşun çıxaracaqları iddia olunurdu.
Bütün bitərəf ölkələr kimi, İspaniyada da xeyli sayda alman casusları vardı. Buna görə də ispanlar meyidi tapandan az sonra almanlar sənədlərə çıxış əldə etdilər.
Hitler onlara o qədər inandı ki, dərhal Yunanıstandakı qoşunları gücləndirməyə başladı, o cümlədən Siciliyadakıları zəiflətmək hesabına.
İyulun 9-da ingilis və amerikanlar Siciliyaya qoşun çıxarmağa başlayanda belə Hitler bunu yayındırıcı əməliyyat kimi qiymətləndirərək əsas zərbəni Elladada gözləyirdi. Yalnız 2 həftə sonra fürer anladı ki, onu aldadıblar. Bu zaman isə Siciliyanın taleyi artıq həll olunmuşdu.
Tarixçi Yadigar Sadiqli