Bəlkə elektrik enerji tələbatını azaltmaq barədə düşünək?

Paylaşın

Bu yaxınlarda Ecofront elektrik avtomobillər barədə yazıb ki, “Avropanın yox, dünyanın artan elektrik enerjisinə tələbatı əsasən bərpaolunan və təmiz enerji hesabına baş verir”.

İqdisadçı Toğrul Marşallı mövzu ilə bağlı fikirlərini news365.az-la bölüşüb

– Almaniya: 2022-ci ilin üçüncü rübündə 2021-ci ilin üçüncü rübü ilə müqayisədə pay olaraq ən çox artan kömür idi. 2021-ci ilin üçüncü rübündə onun payı 31,9% olduğu halda, 2022-ci ilin eyni dövründə müvafiq göstərici 36.3% idi. Hətta təbii qazın payı da 8,8%-dən 9,2%-ə kimi artdı. Düzdür, bərpaolunan enerji üzrə də artım qeydə alınıb. Amma müvafiq pay 43%-dən 44,4%-ə kimi artıb;
– ABŞ. Neft, qaz, kömür və s. xammaldan istehsal olunan elektrik enerjinin həcmi 2022-ci ilin 10 ayı ərzində 5% artıb, bərpaolunan 10% (amma absolyut rəqəmlərdə bu iki göstərici arasında 2 dəfə fərq var);
– Böyük Britaniya. Qazın payı 2021-ci ildə 45,95% olduğu halda, 2022-ci ilin 11 ayı ərzində 46,35% təşkil edib. Günəş, külək və suyun payı 2021-ci ildə 13,12% olduğu halda, 2022-ci ilin 11 ayı ərzində 15,6%-a bərabər olub. Böyük Britaniyada alternativ elektrik enerji mənbələri arasında vacib yeri biowaste tutur. İndi bunu “bərpaolunan və təmiz” enerjiyə aid etmək olarmı? Bizim və UK statistikası aid edir.

Yəni heç kim demir ki, “bərpaolunan və təmiz” istehsalı artmır. Amma məsələ ondan ibarətdir ki, bəlkə elektrik skuter və elektrik avtomobillər yerinə elektrik enerji tələbatını azaltmaq barədə düşünək? Yəni heç bir əlavə imkan yaratmayan elektrik avtomobil yerinə ictimai nəqliyyat və s. (yeri gəlmişkən, post özü taksi barədədir. Və bununla razılaşıram) barədə düşünək. Yoxsa “ekoloqlar” elektrik avtomobil deyə-deyə ətraf mühiti mühafizə etdiklərini deyəsən düşünürlər.

K.H
News365.az