Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirilib

Paylaşın

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Füzuli rayonunda Bala Bəhmənli kənd sakinlərinə tibbi xidmət göstərilib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri Yazgül Abdıyeva News365.az-a açıqlamasında bildirir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur:

“Pasiyentlərin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərilib, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparılıb, əldə edilən nəticələr müzakirə edilərək həll olunub. Ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb”.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilmişdir. Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçir. Burada əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır.

Qeyd edək ki,  Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.