Sürət həddi hansı yollarda azaldıldı?

Paylaşın

Statistikalar paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də, yüksək sürət həddi olduğunu göstərir. Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb.

News365.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin Yol Hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov bildirir ki, 14 yol sahəsində sürət həddinin azaldılması nəzərdə tutulub:

” Heydər Əliyev, Ziya Bünyadov, Babək prospektləri, şəhərdaxili yollardan Şəhər Masssivi, Fətəli Xan Xoyski küçəsi, Qara Qarayev prospektində piyada ölümləri daha çox qeydə alınır. Piyada ölümlərinə səbəblərdən biri yüksək sürət həddidir. Buna görə də 14 yol sahəsində sürət həddi aşağı endirildi. Sürət yüksək olduqda tormoz məsafəsi və insanların reaksiya müddəti artır. Qəza risklərini azaltmaq üçün sürət həddi azaldılıb. Praktikada artan hər 1 km/s sürət qəzalarda ölüm riskini 4 % artırır” .
Tərlan Səfərov bildirir ki, sürət həddi aşağı düşdükdə tıxac yaranması fikiri mifdir. Tıxacla bağlı problem olmayacaq. Qanunvericilikdə magistral yollar istisna olmaqla, digər yollarda 90 km/s- dan artıq sürətə icazə verilmir.

Sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılacaq.