“Rusiyada bank əməliyyatları kəskin bahalaşıb”

Paylaşın

Yeni problemlər yeni imkanlar yaradır: bu yaxınlarda Rusiyada biznes ilə məşğul olan tanışlarımdan biri ciddi şikayət edirdi. Dediyinə görə Rusiyada bank əməliyyatları kəskin bahalaşıb və müvafiq imkanlar məhdudlaşıb. Deməli Rusiya bankları sanksiyalar altına düşəndən sonra ölkədə ciddi bir problem yarandı. Məsələ ondan ibarətdir ki, Rusiya nə qədər sanksiyalar altında olsa da, ona qarşı digər dünya tərəfindən embarqo tətbiq olunmayıb. Yəni idxal-ixrac əməliyyatları davam edir. Düzdür Avropa və ABŞ-ın payı ciddi sürətdə azaldı, amma digər ölkələr ilə ticarət artdı. Bu zaman məntiqli sual yaranır, bəs ödənişləri hansı bank vasitəsilə etmək lazımdır? Nağd şəklində müəyyən həcmdə vəsait daşımaq mümkündür, amma milyardlıq əməliyyatları nağd şəklində etmək mümkün deyil.

Financial Times-in məlumatına görə bu vəziyyətdə ən çox qazanan Rusiyada hələ də fəaliyyətini davam edən iki xarici bank oldu: Raiffeisen və UniCredit. Xüsusi olaraq birincisini göstərmək olar. FT-nin məlumatına görə, Raiffeisen Rusiya və digər ölkələr arasında edilən ödənişlərin 50%-i həyata keçirir. Müharibənin başlamasından sonra Rusiya bank sektoru hesabatlar verməyi dayandırdı. Ona görə açıq məlumatlar əsasında Raiffeisen-in payına dair nəsə demək mümkün deyil. Amma FT-nin məlumatına görə, Raiffeisen-in Rusiya və Belarus bölmələri 2022-ci ildə 2,2 milyard dollar mənfəət qazanıblar. Bu 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 4 dəfə çoxdur. Yeri gəlmişkən, UniCreditin hesabatına görə, 2022-ci ildə Rusiyadaki qolu öz əməliyyat mənfəətini 2,9 dəfə artırmağa müvəffəq olub (amma ümumən ilin zərər ilə bitirib, çünki yaranan əlavə vəsaitləri hər ehtimala qarşı ehtiyatlara yönəldib).

İqtisadçı Toğrul Marşallı