Mirzoyan Lavrovla nələri danışacaq?

Paylaşın

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan  Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüşün martın 20-də Rusiyada baş tutacağı gözlənilir.

News365.az-a açıqlama verən siyasi şərhçi Xəqani Cəfərli bildirir ki, görüşdə müzakirələr Rusiyanı maraqlandıran məsələlər ətrafında gedəcək:
” Ermənistan xarici işlər naziri dekabr ayında Moskvaya səfər etməkdən imtina etmişdi. İndi Ermənistanla Rusiya arasında bir sıra məsələlərin müzakirəsinə ehtiyac yaranıb. Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi , Müstəqil Dövlətlər Birliyi ilə əməkdaşlıqla bağlı Ermənistanla müzakirələri davam etdirmək istəyir. Çünki Ermənistan son zamanlar KTMT ilə məsafə saxlamağa çalışır. Bu Rusiyanı qane etmir. Digər tərəfdən Ermənistanı maraqlandıran məsələlər isə Laçın dəhlizi və üçtərəfli bəyanatın müddəaları məsələsidir. Burada Rusiyaya maraqlı məsələlər daha üstünlük təşkil edəcək. Ən önəmlisi Ermənistanın KTMT ilə məsafə saxlamasıdır. Düşünürəm ki, əsas danışıqlar Rusiyanın maraqları mövqeyində gedəcək”.

Xatırladaq ki, bundan əvvəl, yəni dekabrın 23-də Mirzoyan Ceyhun Bayramovun iştirakı ilə üçtərəfli görüş üçün Moskvaya gəlməkdən imtina edib.