Hari Potter haqqında ilk kitabı yazarkən Coan Roulinq o zaman ömrünün ən ağır dövrünü yaşayırdı. İngiltərənin Ekseter universitetini bitirən bu qadın işsiz idi və sosial müavinət hesabına yaşayırdı. Onun ailə həyatı da alınmamışdı, boşanmış və bir qızını tək böyüdürdü. Ağlına gələn hədərən-pətərən fikirlər əsasında gənc sehrbaz Harri Potter haqqında yazdığı romanı isə artıq 12 nəşriyyat maraqsız sayaraq rədd etmişdi.
Coanın etirafına görə, o, həyatda özündən böyük uğursuz tanımırdı. O, klinik depressiya keçirir, tez-tez intihar haqqında düşünürdü. Lakin bu zaman kiçicik bir ümid işığı sayrışdı. Londonun “Bloomsbury” nəşriyyatı “Harri Potter və fəlsəfə daşı” romanını kiçik tirajla nəşr etməyə razılıq verdi və yazıçıya 1500 funt-sterling avans ödədi.
Bu kiçik uğur sırf təsadüf nəticəsində mümkün olmuşdu. Nəşriyyatın müdiri romanın ilk fəslini oxumaq üçün 8 yaşlı qızına vermiş, o da dərhal davamını istəmişdi. Bununla belə, “Bloomsbury” təmsilçiləri Roulinglə görüşərkən əsərinin böyük gəlir gətirməyəcəyini proqnozlaşdırmış, buna görə də özünə daimi iş tapmasını məsləhət görmüşdülər.
Roman ilk dəfə cəmi 1000 nüsxə ilə çıxdı, onun da yarısı kitabxanalara paylandı və … Bundan sonra dünyada bir Harri Potter epopeyası başladı. Prosesin tam təsviri çox uzun çəkər, birbaşa bugünə keçirəm. Öncə onu deyim ki, bu gün həmin ilk tirajın bir nüsxəsi kolleksiyaçılar tərəfindən 25 min funt-sterling dəyərində qiymətləndirilir.
Harri Potter haqqında 7-ci və son kitab olan “Harri Potter və Ölüm hədiyyələri” çapdan çıxdıqdan sonra 24 saat ərzində 11 milyon nüsxə satıldı. Bu, tarixi rekord sayılır. Ümumilikdə romanlar seriyası 73 dilə tərcümə olunub və 500 milyon nüsxədən çox satılıb. Artıq 2004-cü ildə “Forbes” jurnalı Coan Roulingin yazıçılıqla milyarder olan ilk şəxs olduğunu açıqladı. Həmin jurnal onun 2017-ci ildə 95 milyon dollar qazandığını bildirdi.
Harri Potter haqqında çəkilən 9 film ümumilikdə 8,5 milyard dollar yığımla yalnız “Marvelin kinematoqraf dünyası” və “Ulduz müharibələri” seriyalarından geri qalaraq 3-cü yeri tutur. Potteriana bu göstərici üzrə “Ceyms Bond”, “Forsaj”, “Betmen”, “Hörümçək adam”, “Karib dənizinin quldurları” kimi filmlər seriyasını qabaqlayır. İddialara görə, hazırda “Harri Potter” brendinin 25 milyard dollar qiyməti var.
Tarixçi Yadigar Sadiqli