Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi son mətbuat konfransında bildirdi ki, Ermənistan Laçın dəhlizinə və Qarabağa faktaraşdırıcı missiya göndərməyi təklif edir. Ekspertlərin fikrincə, son günlər atəşkəs rejimini pozmaq cəhdləri də vəziyyəti gərginləşdirməyə və bu gərginliyi əsas gətirməklə bölgəyə beynəlxalq qüvvələri yığmağa çalışır.
News365.az xəbər verir ki, siyasi şərhçi Sabir Məmmədli vəziyyəti belə şərh edir:
” Qarabağ ərazisində baş verən atışmalar gərginliyin artırılmasına yönəlib. Bununla Ermənistan cəbhədə vəziyyətin gərgin olmasını əsas gətirərək beynəlxalq tənzimləyicilərin bölgəyə gətirilməsinə çalışır. Bu mövzuda Avropa İttifaqı və Rusiyanın məqsədi eynidir. Avropa missiyası atəşkəsin pozulması ilə bağlı heç bir açıqlama vermir. Hazırkı dövrdə Avropa İttifaqı və Rusiya anlayır ki, onlar bir- biri ilə rəqabət aparmaqla heç nə qazanmırlar. Belə bir vəziyyətdə əməkdaşlıq etmək onlar üçün daha əlverişlidir” .
Siyasi şərhçi onu da qeyd edir ki, belə olan halda antiterror əməliyyatını həyata keçirmək hələ tezdir:
” İndiki məqamda antiterror əməliyyatı keçirilməsi tələskənlik olar. Düşünürəm ki, bir qədər səbirli davranmaq lazımdır. Hazırkı mərhələdə vacib məqam Laçın yolunda nəzarət – buraxılış məntəqəsinin yaradılmasıdır. Bununla Rusiya sülhməramlılarının özbaşınalığına da son qoyular”.